Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub
Bakı, 19 iyun, AZƏRTAC
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) operatorluğu ilə həyata keçirilən proses çərçivəsində 2024-cü ilin oktyabr ayından indiyə qədər 30 mininci nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda utilizasiya proqramı kifayət qədər sürətli şəkildə və uğurla davam edir. Mirzə Laçınov qeyd edib ki, nəqliyyat vasitələrinin utilizasiyası ətraf mühitin mühafizəsi, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və yerli istehsalın stimullaşdırılması baxımından çox əhəmiyyətli layihədir: "Tələblərə cavab verən 4 utilizator tərəfindən Bakıda, Abşeronda, Sumqayıtda və Gəncədə reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb. Nəqliyyat vasitəsi utilizasiyaya təhvil verildikdən sonra onu təhvil verən şəxsə təsdiqedici sənəd verilir və həmin sənəd imkan verir ki, şəxs iki seçimdən birini həyata keçirsin. O, ya yerli istehsal olan yeni nəqliyyat vasitəsini endirimlə əldə edə bilər, yaxud yeni avtomobil əldə etmək niyyəti yoxdursa, həmin güzəşt məbləğinin 70 faizi həcmində birdəfəlik ödəniş əldə edə bilər. İndiyədək nəqliyyat vasitəsinin utilizasiyası ilə əlaqədar müraciət edən ərizəçilərə 1 milyon manatdan çox birdəfəlik ödəniş olunub. 1687 ədəd yeni nəqliyyat vasitəsi güzəştli şərtlərlə verilib", - deyə o vurğulayıb.