Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
Bakı, 19 iyun, AZƏRTAC
Pakistan pasport xidmətlərinin modernləşdirilməsi çərçivəsində tam elektron pasport sisteminə keçid qərarı qəbul edib.
AZƏRTAC Pakistanın APP xəbər agentliyinə istinadla xəbər verir ki, qərar İslamabadda Pasport və İmmiqrasiya Baş Qərargahında keçirilən iclasda qəbul olunub. Bildirilib ki, elektron pasport sisteminin tətbiqi sənədlərlə bağlı saxtakarlıq hallarının azaldılmasına, təhlükəsizliyin artırılmasına və xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək.
Məlumata görə, yaxın vaxtlarda pasportların həm ölkə daxilində, həm də xaricdə vətəndaşların ünvanına çatdırılması xidməti də istifadəyə veriləcək. Həmçinin iyulun 1-dən etibarən pasport idarələrində nağdsız ödəniş sisteminin tətbiqi planlaşdırılır.
Qeyd olunub ki, onlayn pasport müraciətləri də Pak ID platformasına inteqrasiya ediləcək.