“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
Bakı, 19 iyun, AZƏRTAC
Hazırda Avropa dron istehsalını müstəqil şəkildə həyata keçirmək imkanına malik deyil, çünki istehsalda istifadə edilən vacib materiallar baxımından Çindən asılı vəziyyətdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Euractiv” nəşrində dərc olunmuş yazıda deyilir. “Avropa daha çox öz dronunun olmasını istəyir, lakin təchizat zənciri reallıqları ilə üzləşir. Çin ən vacib komponentlər bazarında dominantlıq edir... Avropanın hərbi və müdafiə kompaniyaları dron sənayesini getdikcə inkişaf etdirir və buna öz imkanları ilə nail olmaq istəyir. Lakin təchizat zəncirində xarici təchizatçılar olmadan keçinmək faktiki olaraq mümkünsüzdür”, - deyə nəşr yazır.
Qeyd edilir ki, məsələn, maqnit mühərriklər və rotorlar üçün ən vacib komponentlərdir. Çin “faktiki olaraq onun üzərində inhisar qurub”. Bundan əlavə, Avropada müasir yarımkeçiricilər, sensor və batareyalar üçün komponentlər də tapmaq çətindir.
Daxili bazar və xidmətlər üzrə Avropa komissarı Stefan Sejurnenin sözlərinə görə, Avropa İttifaqı 17 əsas xammalda Çindən demək olar ki, 100 faiz asılıdır. Bu vəziyyət, xüsusən elektrikləşdirilmiş iqtisadiyyata keçid fonunda Aİ-nin iqtisadi təhlükəsizliyi üçün risk yaradır.