ADSEA sədr müavini: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir
Şəmkir, 19 iyun, AZƏRTAC
Kənd təsərrüfatı sektoru ölkədə ümumi su istehlakının 70–75 faizini təşkil edir və bu baxımdan su təminatının etibarlılığı aqrar inkişafın əsas şərtlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə həyata keçirilən dövlət proqramları və strateji sənədlər çərçivəsində suvarma infrastrukturunun yenilənməsi, su itkilərinin azaldılması və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl tədbirlər görülür.
“Son illərdə ölkədə iri su infrastruktur layihələri həyata keçirilib, yeni su anbarları istifadəyə verilib, suvarma kanalları və kollektor-drenaj şəbəkələri yenilənib, minlərlə subartezian quyusu qazılıb. Yeni Dövlət Proqramının əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidi sürətləndirmək və su resurslarından daha səmərəli istifadəni təmin etməkdir", - deyə o vurğulayıb.