Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, UNEC Magistratura Məktəbinin İqtisadi Texnologiyalar Elmləri kafedrasının dosenti Nərgiz Hacıyevanın elmi həmredaktoru olduğu “Culture, History, and Geopolitics in Central Asia” (Mərkəzi Asiyada mədəniyyət, tarix və geosiyasət ) adlı kitab Böyük Britaniyanın nüfuzlu akademik nəşriyyatlarından biri olan “Routledge” tərəfindən nəşr olunub.
AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı elmi nəşriyyat qruplarından olan “Taylor & Francis” tərkibində fəaliyyət göstərən “Routledge” tərəfindən çap edilən kitab Mərkəzi Asiyanın tarixini, mədəniyyətini, geosiyasi transformasiyalarını və regional inkişaf dinamikalarını kompleks şəkildə təhlil edir.
Nərgiz Hacıyevanın əcnəbi alimlər Debasish Nandy və Monojit Das ilə birgə elmi redaktoru olduğu nəşr “Routledge Studies on Think Asia” seriyası çərçivəsində işıq üzü görüb.
Nəşr dörd əsas tematik hissə və 14 fəsildən ibarətdir. Nəşrdə Mərkəzi Asiyada böyük güclər arasında geosiyasi rəqabət, Avropa İttifaqının regiondakı rolu, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün təsirləri, Əfqanıstanın regional təhlükəsizlik mühitində yeri, tarixi narrativlər, rəqəmsal idarəetmə, korrupsiya riskləri, diasporların iqtisadi rolu, eləcə də mədəni yaddaş, incəsənət və dekolonizasiya prosesləri geniş şəkildə araşdırılır.
Kitabın diqqətçəkən fəsillərindən biri də “Münaqişədən bağlantılara: Çinin nəqliyyat inteqrasiyası siyasətinin Azərbaycanın Qarabağ regionuna tətbiqinin geosiyasi əhəmiyyəti” mövzusuna həsr olunub. Bu fəsildə Qarabağın regional nəqliyyat dəhlizlərinə inteqrasiyası və onun geosiyasi perspektivləri təhlil edilir.
Nəşr “Scopus” bazasında indekslənir və “Political Science and International Relations”, “History” və “Cultural Studies” istiqamətlərini əhatə edir. Kitab Mərkəzi Asiya üzrə müasir akademik diskurslara mühüm töhfə verməklə yanaşı, regionun çoxşaxəli inkişaf dinamikalarının daha dərindən anlaşılmasına xidmət edir.