Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir
Bakı, 19 iyun, AZƏRTAC
Əhalinin artımı, mobiliyin artımı, təbii ehtiyatlara artan təzyiqlər, yüksək risklər yalnız insan sağlamlığına deyil, ərzaq sisteminə, su ehtiyatlarına, ətraf mühitə də təzyiq deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirinin müavini Əbubəkr Gizligider İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən "Çirkab suları və ətraf mühit monitorinqinə xüsusi diqqət yetirməklə regional səhiyyə təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş investisiyalar" adlı sessiyada çıxışı zamanı deyib.
“Səhiyyə təhlükəsizliyi insan sağlamlığı kimi başa düşülməməlidir. Vahid səhiyyə yanaşması zəruridir. Sağlamlığın qorunması riskin böhrana çevrilmədiyi vaxtdan başlanmalıdır. Hökumətlər üçün riskləri daha erkən görmək daha tez hərəkətə keçmək deməkdir. Uğurlu nəzarət üçün laboratoriya potensialı və texnologiya kifayət deyil. Bunun üçün səmərəli koordinasiya və davamlı investisiya önəmlidir. Əsas məsələ uğurlu pilot layihələrdən dayanıqlı layihələrə keçiddir. Bunun üçün dayanıqlı maliyyə, səmərəli idarəçilik, etibarlı tərəfdaşlıq və regional əməkdaşlıq tələb olunur. Biz tərəfdaş ölkələrlə bilik və təcrübəmizi bölüşməyə hazırıq”, - deyə Ə.Gizligider əlavə edib.