Siyasi şərhçi: Azərbaycanın sabitliyi və strateji mövqeyi xarici sərmayəni cəlb edən əsas amillərdəndir
Bakı,19 iyun, AZƏRTAC
Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ənənəvi xarakter alıb. 44 günlük Vətən müharibəsindən sonra həm region ölkələri, həm də beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən Azərbaycana diqqət artıb. Bu maraq Azərbaycanın həyata keçirdiyi xarici siyasət, əməkdaşlıq təşəbbüsləri və regional sabitliyə verdiyi töhfələrlə birbaşa əlaqəlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov səsləndirib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər də məhz ölkənin son illərdə formalaşdırdığı beynəlxalq nüfuzun, iqtisadi inkişaf strategiyasının və regional əməkdaşlıq siyasətinin məntiqi davamı kimi qiymətləndirilməlidir.
“Prezident İlham Əliyevin çıxışında toxunduğu əsas məqamlardan biri də Azərbaycanın mühüm nəqliyyat və ticarət qovşağına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətdir. Azərbaycanın açıq dənizlərə çıxışı olmasa da, ölkə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, eləcə də Orta Dəhlizin inkişafına xüsusi önəm verir və Zəngəzur dəhlizinin açılmasını bu siyasətin mühüm elementi kimi qiymətləndirir. Azərbaycanın son 30 ilə yaxın dövrdə həyata keçirdiyi enerji siyasəti bugünkü uğurların əsasını təşkil edir. 1990-cı illərin ortalarından etibarən həyata keçirilən neft və enerji strategiyası nəticəsində əldə olunan gəlirlər ölkə iqtisadiyyatının inkişafına, dövlət institutlarının gücləndirilməsinə, ordunun modernləşdirilməsinə və silahlı qüvvələrin texniki imkanlarının artırılmasına yönəldildi. Məhz bunun nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi və müharibədə tarixi Qələbə qazandı. Bu gün artıq Cənubi Qafqaz dedikdə Qarabağ münaqişəsi deyil, əməkdaşlıq və inkişaf perspektivləri ön plana çıxır. Azərbaycan münaqişəyə son qoyub və hazırda Ermənistanla etimad mühitinin formalaşdırılması, dialoqun inkişaf etdirilməsi istiqamətində addımlar atır. "Bu vəziyyət əvvəllər münaqişə riski səbəbindən regiona investisiya yatırmaqdan çəkinən beynəlxalq şirkətlərin və investorların da mövqeyinə təsir göstərir. Artıq onlar Cənubi Qafqaza, xüsusilə Azərbaycana fərqli prizmadan yanaşırlar. Çünki Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasını həyata keçirən, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və uzunmüddətli strateji layihələri ardıcıl şəkildə reallaşdıran dövlətdir. Bu amillər ölkəyə investisiya marağını daha da artıracaq", - deyə o vurğulayıb.
X.Bəşirovun sözlərinə görə, Azərbaycanın xarici investisiyalar üçün daha cəlbedici məkana çevrilməsi istiqamətində ölkə daxilində də mühüm islahatlar həyata keçirilir. “Məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, inhisarçılığın aradan qaldırılması, qanunvericiliyin davamlı şəkildə yenilənməsi, yeni qanunların qəbul edilməsi, kadr islahatları, korrupsiya və rüşvətxorluğa qarşı ardıcıl mübarizə, dövlət-sahibkar münasibətlərinin daha sağlam əsaslar üzərində qurulması və sahibkarların hüquqlarının daha etibarlı qorunması investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin çıxışından da aydın görünür ki, Azərbaycan böyük sərmayələrin və investisiyaların cəlb edilməsi üçün regional mərkəzə çevrilməkdə qətiyyətlidir. Bu məqsədlə ölkədə beynəlxalq standartlara cavab verən hava limanları tikilir, müasir avtomobil və dəmir yolları inşa olunur, nəqliyyat infrastrukturu davamlı şəkildə inkişaf etdirilir. Söhbət artıq yalnız ənənəvi enerji resurslarından getmir. Azərbaycan yaşıl enerji strategiyasını da uğurla həyata keçirir, günəş, külək və su elektrik stansiyalarının yaradılması istiqamətində genişmiqyaslı layihələr reallaşdırır. Bütün bunlar ölkənin inkişafına kompleks yanaşmanın göstəricisidir”.
Siyasi şərhçi sonda vurğulayıb ki, dünyada geosiyasi gərginliklərin, müharibələrin və qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanın həm şimalında, həm də cənubunda mürəkkəb proseslərin davam etməsinə baxmayaraq, ölkənin müəyyən etdiyi strateji inkişaf kursunu uğurla həyata keçirməsi düşünülmüş və uzaqgörən dövlət siyasətinin nəticəsidir.
Müxbir - Səbinə Əlizadə