İcra başçısı: Şəmkirdə qeyri-ənənəvi ixrac bazarlarına çıxış istiqamətində böyük potensial mövcuddur
Şəmkir, 19 iyun, AZƏRTAC
Qəbul olunmuş Dövlət Proqramı kənd təsərrüfatında intensiv inkişaf modelinə keçidi sürətləndirəcək.
AZƏRTAC xəbər verir ki, bunu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudlaşması və beynəlxalq bazarlarda rəqabətin artması kənd təsərrüfatında daha çevik və innovativ yanaşmaların tətbiqini zəruri edir.
“Şəmkir rayonunda müasir suvarma sistemlərinin tətbiqi, yeni su infrastrukturunun yaradılması, soyuducu anbarların genişləndirilməsi, emal sənayesinin inkişafı və qeyri-ənənəvi ixrac bazarlarına çıxış istiqamətində böyük potensial mövcuddur”, - deyə Rəşad Tağıyev əlavə edib.
Çıxışda fermerlər və sahibkarlar Dövlət Proqramında nəzərdə tutulan dəstək mexanizmlərindən fəal istifadə etməyə çağırılıb, rayon icra hakimiyyətinin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və dövlət qurumları ilə koordinasiyanın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.