Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək
Lima, 19 iyun, AZƏRTAC
Perunun paytaxtı Lima ilə Azərbaycanın paytaxtı Bakı şəhəri arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. Limanın vitse-meri Fabiola Morales Azərbaycanın Meksika və Peru üzrə səfiri Seymur Fətəliyevlə görüşərək, iki şəhər arasında mədəni əlaqələrin genişləndirilməsi və əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu haqda “gob.pe” Peru Dövlətinin Vahid Rəqəmsal Platformasında məlumat verilib.
Görüş zamanı tərəflər Lima və Bakı arasında mədəni tədbirlərin təşkili, eləcə də müxtəlif qurumlar arasında təcrübə mübadiləsinin gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər. Hər iki tərəf şəhərlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İlkin razılaşmalar çərçivəsində Azərbaycan səfiri Limadakı Metropoliten Muzeyinin “Qədim Mədəniyyətlər” salonu üçün ənənəvi Azərbaycan xalçasının hədiyyə olunmasını təklif edib. Azərbaycan xalçaçılıq sənətinin ən tanınmış nümunələrindən hesab olunan bu sənət növü UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib.
Təşəbbüsün məqsədi Limadakı muzeyin mədəni kolleksiyasını zənginləşdirməklə yanaşı, Peru və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir. Bu addım həmçinin Bakı ilə Lima arasında mədəni mübadilənin inkişafına yeni töhfə kimi qiymətləndirilir.