Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib
Qazax, 19 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və ADA Universitetinin Qazax Mərkəzinin birgə təşkilatçılığı ilə “Bölgəmizin qədim tarixi və arxeologiyası: yeni tədqiqatlar və elmi nəticələr” mövzusunda sərgi və beynəlxalq elmi seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tədbirin məqsədi Azərbaycanın qərb bölgəsinin zəngin arxeoloji irsini, qədim yaşayış məskənləri və düşərgələrinin elmi əhəmiyyətini geniş auditoriyaya çatdırmaq, Keşikçidağ və ətraf ərazilərdə aparılan arxeoloji tədqiqatların nəticələrini ictimaiyyətə təqdim etmək, həmçinin beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək olub. Seminarda ADA Universitetinin Qazax Mərkəzinin magistrantları, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri, tarix müəllimləri, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Mədəni İrsin Qorunması üzrə Dövlət Xidmətinin regional nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbir çərçivəsində qoruq ərazisindəki kurqanlardan əldə olunmuş maddi-mədəniyyət nümunələri, eləcə də elmi layihələri əhatə edən çap məhsullarından ibarət sərgi təşkil olunub. Sərgidə təqdim edilən eksponatlar qədim insanların məişəti, təsərrüfat fəaliyyəti və bölgənin tarixi inkişaf mərhələləri barədə əyani təsəvvür yaradıb.
Seminar ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlünün açılış nitqi ilə başlayıb. Ardınca “Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev tədbirin əhəmiyyəti, bölgədə aparılan tədqiqatlar və mədəni irsin qorunmasının vacibliyindən danışıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri professor Nəcəf Müseyibli Ağstafa rayonunun Eynallı kəndində aparılan qazıntılar və bölgədə son illər əldə olunmuş elmi nəticələr barədə məruzə ilə çıxış edib.
İnstitutun aparıcı elmi işçiləri Azad Zeynalov və Yaqub Məmmədov Ceyrançöl açıq düşərgələri, Damcılı və Daş Salahlı mağaraları, Yataq yeri və digər abidələrdə aparılan tədqiqatlardan bəhs ediblər. Anar Ağalarzadə isə maddi-mədəniyyət nümunələrinin qorunması və muzey ekspozisiyalarının təşkili mövzusunda çıxış edib. Tavatəpə yaşayış məskənində aparılan arxeoloji qazıntılar barədə arxeoloq Lola Hüseynova məlumat verib. Müzakirələrdə yerli və xarici ekspedisiya üzvləri də iştirak edərək fikir mübadiləsi aparıblar.
Seminarda “Keşikçidağ” qoruğunun baş fond mühafizəçisi İsmayıl Omarlı da bölgənin qədim tarixi və arxeoloji abidələri haqqında çıxış edib.
Məruzələr zamanı daş dövründən sonrakı tarixi mərhələlərədək aid yaşayış məskənləri, kurqanlar, istehkamlar və digər arxeoloji abidələr haqqında yeni elmi məlumatlar təqdim olunub, məhsuldar müzakirələr aparılıb. Qeyd olunub ki, belə seminar və sərgilər Azərbaycanın zəngin mədəni irsinin təbliği, elmi biliklərin ictimaiyyətə çatdırılması, gənclərdə tarix və arxeologiyaya marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müxbir - Ruslan Novruzoğlu