Azərbaycan Skautlar Assosiasiyası ilə Dünya Skaut Hərəkatı Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
Bakı, 1 oktyabr, Səxavət Quliyev, AZƏRTAC
Xəbər verdiyimiz kimi, 2017-ci ildə 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu Azərbaycanda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar oktyabrın 1-də “Holiday İnn Baku” mehmanxanasında Azərbaycan Skautlar Assosiasiyası (ASA) və Dünya Skaut Hərəkatı Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllı və Dünya Skaut Komitəsinin baş katibi Skot Teareni imzalayıblar.
Skaut sahəsində iki mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsinin əhəmiyyətindən danışan İlyas İsmayıllı ASA-nın həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, hər iki tədbirin keçirilməsinin ölkəmizə həvalə olunmasına 2013-cü ildən ASA tərəfindən beynəlxalq səviyyədə aparılmış düzgün təbliğat və təşviqat kampaniyası nəticəsində nail olunub. Ötən il Sloveniyada keçirilən 40-cı Dünya Skaut Konfransında Azərbaycan səs çoxluğu ilə Malayziya Skaut Təşkilatına qalib gəlib.
Vurğulayıb ki, ölkəmizdə skautların sayı 1600-dən çoxdur. Paytaxt ilə yanaşı, regionlarda da assosiasiyanın fəal üzvləri var. ASA-nın strateji prioritetləri Azərbaycanın bütün bölgələrində skaut hərəkatını inkişaf etdirmək, 2017-ci ilin sonunadək assosiasiyanın üzvlərinin on minə çatdırılması, sistemli liderlik məktəbini yaratmaq və üzvlər üçün maraqlı gənclər proqramını tətbiq etməkdir. ASA-nın Norveç, Polşa, Gürcüstan və Türkiyə skaut təşkilatları ilə əməkdaşlıq sazişləri mövcuddur. ASA eyni zamanda Afrika Skaut Fondunun platinum üzvüdür.
Dünya Skaut Komitəsinin baş katibi Skot Teare və sədri Joao Armando Qonsales Azərbaycanın 2017-ci ildə təşkil olunacaq tədbirlərə ev sahibliyi etməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, ölkə gənclərinin fərdi inkişaflarına, asudə vaxtlarının səmərəli təşkil edilməsinə bu tədbirlər çox faydalıdır. Həmçinin Bakı bu günlərdə Dünya Skaut Komitəsinin iclasına ev sahibliyi edəcək. Azərbaycanın bu mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini vurğulayan qonaqlar 2017-ci ildə keçiriləcək tədbirlərin qonaqların və iştirakçıların xatirəsində silinməz izlər buraxacağına ümidvar olduqlarını bildiriblər.
Sonda jurnalistlərin sualları cavablandırılıb.