Azərbaycan taekvandoçuları Türkiyədə keçirilən klublararası Avropa çempionatını 32 medalla başa vurublar
Bakı, 10 fevral, AZƏRTAC
Taekvandoçularımız Antalyada keçirilən klublararası Avropa çempionatının sonuncu günündə daha yeddi medal qazanıblar.
Azərbaycan Taekvando Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçıları Milad Beigi Hərçəqani (80 kq, “Gilan”) və Patimat Abakarova (53 kq, “Gilan”) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Radik İsayev (87 kq-dan yuxarı, “Gilan”) və Ramin Əzizov (87 kq, “Qafqaz”) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənməli olublar. Daha üç idmançımız - Yaprak Eriş (57 kq, “Gilan”), Fəridə Əzizova (67 kq, “Gilan”) və Ceyhun Həsənli (87 kq-dan yuxarı, “Savalan”) isə yarışı bürünc medalla başa vurublar.
Dörd gün davam edən çempionatda Azərbaycanda fəaliyyət göstərən taekvando klublarının yetirmələri ümumilikdə, 32 medal qazanaraq uğurlu nəticəyə imza atıblar. Yarışın nəticələrinə görə “Gilan” idman klubu bütün yaş kateqoriyaları üzrə ümumi komanda hesabında ilk pilləyə yüksəlib və qitənin ən güclü klubu adını qazanıb.
Qeyd edək ki, fevralın 11-də “Turkish open” beynəlxalq turnirinə start veriləcək. Bu yarışda Azərbaycan milli komandalarının üzvləri, habelə ölkəmizin bir sıra klubları təmsil olunacaq.