AZƏRBAYCAN Tematik əlavə
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev bu günlərdə Moskvada olarkən İTAR-TASS-da kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür. O, suallardan heç birini cavabsız qoymayaraq jurnalistləri sevindirmişdir. Rusiya ilə Azərbaycan arasında təşəkkül tapmaqda olan strateji tərəfdaşlıq haqqında və bu cür qarşılıqlı münasibətlərin perspektivləri barədə suala o, tam konkret cavab vermişdir.
İlham ƏLİYEV:
MÜNASİBƏTLƏRİMİZDƏ YENİ DÖVR BAŞLANIR.
BUNDAN QORXMAQ LAZIM DEYİLDİR
-Mən deməliyəm ki, ötən il Rusiya Prezidenti Putinin Azərbaycana rəsmi səfərindən sonra Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni səviyyəyə çıxmışdır. Azərbaycanda bu səfəri böyük səbirsizliklə gözləyirdilər və səfərin nəticələri, əldə olunmuş razılaşmalar, ən başlıcası isə, nümayiş etdirilən qarşılıqlı anlaşma və qarşılıqlı hörmət Azərbaycanda, zənn edirəm ki, Rusiyada da böyük sevinclə qarşılanmışdır. Ölkələrimiz arasındakı münasibətlər heç də həmişə biz istədiyimiz kimi rəvan olmamışdır, yəni heç də həmişə mehriban qonşuluq xarakteri daşımamışdır. Tarixi keçmişdən Rusiyanın, yəni onun keçmiş rəhbərliyinin müəyyən addımlarından Azərbaycanın narazı qalmağa qanuni ixtiyarı olduğunu göstərən çoxlu fakt gətirə bilərik. Lakin biz hesab edirik ki, tarixin bu səhifələri artıq qapanmalıdır, biz keçmişə qayıtmamalıyıq.
Bugünkü vəziyyət həm Rusiyanın, həm də Azərbaycanın mənafelərinə cavab verir. Bu gün iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq keyfiyyətcə əvvəlkindən fərqlənir. İndi ölkələrimiz arasında qarşılıqlı anlaşma mövcuddur, üç il bundan əvvəl təsəvvürə belə gətirə bilmədiyimiz layihələr həyata keçirilir. Biz Bakı-Novorossiysk boru kəməri ilə ildə 2,5 ton neft nəql edirik, halbuki 2-3 il bundan əvvəl, bəlkə də, 100-200 min ton neft ixrac edirdik. İndi Azərbaycan Rusiyadan təbii qaz alır və biz onun haqqını sabit valyuta ilə ödəyirik. Həmin qazın həcmi ilbəil artır və bununla da biz elektrik stansiyalarımızı qazla təmin edir, habelə ucqar rayonların qaza olan ehtiyacını ödəyirik. Biz Rusiyadan ildə 4 milyard kubmetr qaz alırıq. Bu ildən etibarən isə Rusiyadan ildə 1,5 milyard kilovatt-saat elektrik enerjisi də almağa başlamışıq və gələcəkdə onun həcmini artırmaq fikrindəyik. Dediyim təkcə bu faktlarla mən göstərdim ki, Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlər tamamilə yeni, yüksək səviyyəyə çıxdıqdan sonra artıq konkret iqtisadi nəticələr vermişdir. Biz çox istəyirik ki, ölkələrimiz arasındakı bu mehriban qonşuluq, dostluq münasibətləri və strateji münasibətlər gələcəkdə daha da möhkəmlənsin.
RUSİYA BİZİM İKİNCİ VƏTƏNİMİZDİR
Postsovet dövrünün nadir bir fenomeni: keçmiş SSRİ respublikalarından heç birinin Rusiyada Azərbaycanınkı qədər belə böyük diasporu yoxdur. İndiki halda, Ukraynanı məlum tarixi səbəblərə görə nəzərə almamaq olar.
Rusiyada daimi və ya müvəqqəti yaşayan azərbaycanlıların sayı, müxtəlif hesablamalara görə, 1,5 milyondan 2 milyon nəfərə qədərdir. Bu gün hec kim dəqiq rəqəmlər göstərə bilməz. Bütün bu son illər ərzində MDB məkanında miqrasiya axınları elə intensiv olmuşdur ki, indi söhbət yalnız hipotetik, fərziyyəyə əsaslanan rəqəmlərdən gedə bilər. Lakin Rusiyanın hansı regionlarında Azərbaycan diasporunun sayca daha çox olduğu barədə az-çox konkret məlumat var.
Aşağıdakı rəqəmlər mövcudur. Məsələn, hazırda Stavropol diyarında disporun üzvlərinin sayı təxminən 50-60 min, Volqoqrad vilayətində 80 minədək, Tümen vilayətində 100 mindən çox, Sverdlovsk vilayətində azı 50 min, Ulyanovsk vilayətində 35 min nəfərdir.
Diasporun ən çox üzvləri Moskvada və Moskva vilayətindədir - 800 mindən 1 milyon nəfərə qədər.
O ki qaldı Rusiyanın qalan regionlarına, azərbaycanlılar, əslində, bütün iri regionlarda az və ya çox dərəcədə təmsil olunmuşlar. Bu regionlar həm Novosibirsk vilayəti, həm Voronej, Bryansk, Belqorod, Ryazan, Lipetsk, Penza, İrkutsk vilayətləri, həm Xabarovsk diyarı, həm də Maqadan vilayətidir...
Bu Cənubi Qafqaz respublikasından olanların çoxu üçün Rusiya, əslində, ikinci vətənə çevrilmişdir.
Ola bilsin ki, bu rəqəmlər bəzilərini qorxuya salır. Bununla belə, fakt faktlığında qalır: azərbaycanlılar Rusiya iqtisadiyyatının dirçəldilməsində real surətdə iştirak edirlər. Onlar müxtəlif sahələrdə - ənənəvi olaraq, neft-qaz sənayesində işləyirlər, elm və yüksək texnologiyalar, mədəniyyət sahəsində və başqa sahələrdə təmsil olunmuşlar. Bəli, onlar ticarət sahəsində də daimi həmdəmlərimizdir.
Azərbaycan sanki kiçik bir ölkədir, amma tarixən bir-birinə olan qarşılıqlı meyl, dostluq ənənələri İttifaq dağıldıqdan sonra hətta ən dramatik illərdə də saxlanılmışdır. Azərbaycandakı ifrat millətçi siyasətçilər xalqın Rusiyaya bəslədiyi rəğbətə son qoya bilmədilər. O vaxtlar azərbaycanlılar göstərdilər ki, onlar öz siyasətçilərindən daha üstün, daha ağıllı və daha müdrikdirlər.
İndi ölkələrimiz arasında qarşılıqlı münasibətlər bir-birinin maraqlarını nəzərə almaq əsasında qurulur. Siyasətçilərin hələ başa çatdırmadıqları nə varsa, onların hamısını adi vətəndaşlar həyata keçirirlər. Onlar Rusiya ilə Azərbaycanın birlikdə olmasına tərəfdardırlar. Öz gələcəklərini birlikdə qursunlar. Bu, olduqca böyük potensial və qüvvədir.
Azərbaycan diasporu Rusiyada təşəkkül tapmış ənənələrə hörmətlə yanaşır. İki xalq - Rusiya və Azərbaycan xalqları SSRİ-nin süqutundan sonra yaranmış yeni şəraitdə birgə yaşamağı öyrənirlər. Dinc yanaşı yaşamağın əsasını sülh və dostluq təşkil edir. Bizi birləşdirən cəhətlər çoxdur. Bizim birgə keçmişimiz birgə gələcəyimizi daha yaxşı görməyə kömək edir.
DİASPORUN ÖZ KONQRESİ VAR
Rusiya Federasiyasının ərazisində ilk dəfə olaraq
güclü ictimai təşkilat yaradılmışdır. Federasiyanın
54 subyektində öz regional şöbələri olan, 60
Azərbaycan ictimai təşkilatını birləşdirən bu
qurumun əsas vəzifəsi vətəndaş hüquqlarını
qorumaqdan və həyata keçirməkdən, milli ənənələri,
özgünlüyü və dili qoruyub saxlamaqdan və
inkişaf etdirməkdən, millətlərarası münasibətləri,
Rusiya və Azərbaycan xalqları arasında dostluğu
və qarşılıqlı anlaşmanı möhkəmlətməkdən ibarətdir.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılmışdır və öz qarşısına ilk növbədə təcrübə və informasiya mübadiləsi ilə bir-birinə kömək edərək, diaşporun bütün problemlərini həll etməkdən, onun mədəni və təhsil səviyyəsini yüksəltməkdən ötrü güclü amilə çevrilmək üçün azərbaycanlıların bütün Rusiyada mövcud olan təşkilatlarının səylərini birləşdirmək vəzifəsi qoymuşdur. Konqres öz işini Rusiya Federasiyasının federal və yerli dövlət hakimiyyət və idarəetmə orqanları, ictimai təşkilatları ilə sıx əlaqədə qurur.
Əlamətdar faktdır ki, birinci qurultayın nümayəndələrinə və iştirakçılarına Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi, aparıcı ictimai-siyasi təşkilatların və milli birliklərin rəhbərləri təbriklər göndərmişdilər.
Konqres cəmiyyətdə hörmət və nüfuzu gördüyü konkret işlərlə, həyata keçirdiyi tədbirlərlə qazanır. Rusiya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədi ilə Ümumrusiya Azərbaycan Konqresi Bakıda pravoslavların Mirodaşıyan müqəddəs zövcələr məbədinin bərpasında fəal iştirak etmişdir. Konqresin vitse-prezidenti, azərbaycanlı, dini etiqadca müsəlman olan Aydın Qurbanov məbədin bərpasına xüsusi töhfəsinə görə ikinci dərəcəli Sergi Radonejski ordeninə layiq görülmüşdür. Ordeni ona Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin şəxsən özü təqdim etmişdir.
Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş tarixi forumu xaricdə yaşayan bütün həmvətənlər üçün çox böyük ictimai-siyasi əhəmiyyətli hadisəyə çevrilmişdir.
Rusiya Federasiyasının Azərbaycan disporu forumda daha böyük, 162 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuşdu, onların üçdə iki hissəsindən çoxu Ümumrusiya Azərbaycan Konqresinin 47 regional şöbəsindən seçilmişdi. Qurultay təşkilatçılarının da, bütün kütləvi informasiya vasitələrinin də qeyd etdikləri kimi, ən başlıcası, Rusiya nümayəndə heyəti forumun gündəliyinin müzakirəsində və komissiyaların işində daha mütəşəkkil və daha konstruktiv görünürdü.
KONQRESİN TƏRKİBİNƏ KİMLƏR DAXİLDİR
Konqresin prezidenti Rusiya Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor, onkologiya sahəsində ölkənin aparıcı mütəxəssislərindən biri olan Məmməd Əliyev seçilmişdir.
Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyində Rusiyanın ən böyük neft şirkəti “LUKoyl”un prezidenti Vahid Ələkbərov, Sosialist Əməyi Qəhrəmanı, Tümen neftini ilk dəfə kəşf edən Fərman Salmanov, general-leytenant Kərim Kərimov, SSRİ xalq rəssamı Tahir Salahov, akademik Qədriyyə Səlimova, SSRİ xalq artisti Müslüm Maqomayev və digər məşhur, hörmətli adamlar təmsil olunmuşlar.
Yaradıcı ziyalıları tanınmış kinodramaturq, yazıçı,Beynəlxalq Kinematoqrafçılar İttifaqının prezidenti, konqresin vitse-prezidenti Rüstəm İbrahimbəyov layiqincə təmsil edir. Rusiyanın tanınmış sahibkarları - “Krokus-İntənəşnl” şirkətinin prezidenti Araz Ağalarov, “Slavneft” şirkətinin vitse-prezidenti İsgəndər Xəlilov, Beynəlxalq holdinq şirkətlər qrupunun prezidenti Aydın Qurbanov, “AST” holdinqin prezidenti Telman İsmayılov, “Mosazervinzavod”un direktoru Elman Bayramov Konqresin vitse-prezidentləri seçilmişlər. Konqresin rəhbərliyinə Rusiyanın görkəmli hüquqşünasları - RF Vəkillər Gildiyasının birinci vitse-prezidenti Vladimir İqonin, RF ədliyyə generalı Xanlar Ələkbərov, Rusiya Hüquqşünaslar İttifaqının vitse-prezidenti Ələsgər Tağıyev də daxildirlər.
Tarix elmləri doktoru Zeynal Nağdəliyev Konqresin icraçı direktoru seçilmişdir.
ZƏRİFƏ ƏLİYEVA ADINA KÜÇƏ
Ukraynanın İrpen rayon mərkəzində (Kiyev vilayəti) küçələrdən birinə akademik Zərifə Əliyevanın adı verilmişdir.
Nigar ABBASOVA
Bu qadın dünyadan gözəl bir ad qoyub getmişdir. Onu xatırlayırlar. Özü də təkcə Azərbaycanda və Rusiyada deyil. Məlum olur ki, Ukraynada da. Allahdan həkimlik vergisi verilmiş, istedadlı alim olan bu qadın ömrünün çiçəkləndiyi bir vaxtda dünyasını dəyişmişdir. Həyatının son illərində Moskvada birgə işlədiyi oftalmoloq həmkarları onu xeyirxahlıqla və səmimiyyətlə anırlar.
O, heç zaman büruzə verməzdi ki, Azərbaycan KP MK-nın hələ sovet dövründə qüdrətli birinci katibi olan Heydər Əliyevin həyat yoldaşıdır. O, hətta qanuni olan xüsusi imtiyazlardan da heç zaman istifadə etməzdi. Zərifə Əliyeva ziyalı və təvazökar qadın idi. O, özünün görkəmli ömür-gün yoldaşının kölgəsində qalsa da, sevimli işi ilə - təbabətlə böyük həvəslə məşğul olurdu. Onu tanıyan adamlar deyirlər ki, o, evi də səliqə-sahman içində saxlayır və ailənin qayğısına qalırdı.
Küçəyə Zərifə Əliyevanın adının verilməsi alimə, qadın-anaya ehtiram əlamətidir, bu, həm də dostluq abidəsidir.
Şəhər sakinləri Proletar küçəsinin adını dəyişdirib, ona akademik Əliyevanın adının verilməsi xahişi ilə yerli hakimiyyət orqanlarına dəfələrlə müraciət etmişdilər. Bu, məntiqəuyğundur. Azərbaycan xalqı barəsində bu cür dostyana addım Ukrayna və Azərbaycanın bir çox şəhərləri arasında təşəkkül tapan qardaşlaşma münasibətləri şəraitində atılır. Həmin xahiş Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlər yaradılmasının 10-cu ildönümünün bayram edilməsi günlərində xüsusilə aktual olmuşdur.
İrpendə böyük bir Azərbaycan diasporu var. Şəhər abadlaşdırılır və bunda keçmiş sovet respublikası Azərbaycandan gəlmiş sahibkarların da payı var. Şəhərin işlərində, müxtəlif xeyriyyə və mədəniyyət tədbirlərində Azərbaycan diasporunun iştirakı yerli sakinlərin diqqətindən kənarda qalmır.
Bu və ya digər ölkənin tanınmış adamlarına hörmət, dostcasına təşəbbüslər adi həyatda bizlərdən çoxuna ümumi dil tapmağa mane olan əngəlləri aradan qaldırmağa kömək edir. Zərifə Əliyeva küçəsinin - Ukraynanın ən böyük şəhərində olmasa da - açılışı hamıya bir şeyi xatırladacaqdır: həmişə və hər yerdə layiqli insan olaraq qalmaq lazımdır. Həm də yadda saxlamalısan ki, sən təkcə öz doğmalarının deyil, həm də vətəninin şərəfini qoruyursan.
X x x
Xəritənin şəkil sözləri
Azərbaycan diasporunun sayca ən çox olduğu regionlar
Ən böyük diaspor Moskvada və Moskva vilayətindədir - 800 mindən
1 milyon nəfərə qədər
VASİTƏSİZ NİTQ
HEYDƏR ƏLİYEV:
“Rusiya elminə, mədəniyyətinə, ədəbiyyat və incəsənətinə, iqtisadiyyatına sanballı töhfələr verən Azərbaycan övladları ilə, dünya şöhrətli soydaşlarımızla haqlı olaraq fəxr edirik”.
\Azərbaycan Prezidenti Heydər Əliyevin Ümumrusiya Azərbaycan Konqresinin birinci qurultayına təbrikindən)
SİZ MOSKVADA NECƏ ASSİMİLYASİYA OLDUNUZ?
MÜSLÜM MAQOMAYEV, müğənni:
- Mən özümü həm moskvalı, həm də bakılı hiss edirəm, elə məsələ də bundadır. Mən Moskvada yaşayıram, həyat yoldaşım da moskvalıdır. Mən iyirmi yaşından Moskvada yaşayan Azərbaycan vətəndaşıyam. Azərbaycanı atam, Rusiyanı isə anam hesab edirəm. Azərbaycanda anadan olmuşam və oxumuşam, Moskva ilə isə mənim yaradıcılığım bağlıdır. Buraya gələndə çətinliyim yalnız ondan ibarət idi ki, məşhur olduğumdan dükan-bazara çıxa bilmirdim.
TAHİR SALAHOV, rəssam, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti:
- Biz assimilyasiya olmamışıq. Biz burada təhsil almışıq, tərbiyə olunmuşuq. Sovet İttifaqı dövründə Moskva Vətənimizin paytaxtı idi. Bura bizim ikinci vətənimizdir. Mən Azərbaycanda anadan olmuşam, o, doğma diyar, doğma torpaqdır, lakin Moskva da, Rusiya da vətəndir. Biz burada oxumuşuq, işləmişik, çoxlu dost qazanmışıq. Bu mənada assimilyasiya yoxdur. Bu, bizim qəlbimizdədir.
ƏBDÜL HÜSEYNOV, yazıçı, şərqşünas, tarix elmləri doktoru:
-Mən Bakını 60 il bundan əvvəl tərk etmişəm. Cəbhəyə getmişəm, sonra Türkmənistanda, daha sonra isə köçürmə yolu ilə gəlib Moskvada yaşamışam. O vaxta qədər Moskvaya qışda işləməyə gəlirdim, həyat yoldaşım isə yayda Türkmənistana qayıdırdı. 58-ci ildə isə tamamilə köçüb gəldik. Heç bir çətinlik çəkmədim: gələn kimi Moskva vilayəti kinoprokatının müdiri oldum. Yəni heç bir problem yox idi. Həyat yoldaşımın Moskvada mənzili də var idi, bağı da. Uşaqlar böyüyəndən sonra isə onlara da, özümüzə də mənzil aldıq. Mənə həmişə çox yaxşı münasibət bəsləyiblər. Əksinə, Azərbaycandan olduğum üçün mən başqalarının arasında seçilirdim. Mən özgə yerə çox çətin uyğunlaşan adamlardan deyiləm.
YAŞAR HƏSƏNOV, professor, Burgenko adına Nevrocərrahlıq İnstitutu direktorunun müavini:
- İnstitutu bitirdikdən dərhal sonra məni Moskvaya, klinik ordinaturaya göndərdilər. Sonra məni ordinaturada saxladılar, dissertasiya müdafiə etdim. Azərbaycanda bir il işlədikdən sonra geri qayıtdım və elmi əməkdaş vəzifəsinə müsabiqədən keçdim. Təzə gələndə mənim üçün bir qədər çətin idi, dil məsələsi bir az əngəl törədirdi. Lakin bizi mehribanlıqla qəbul etdilər. Hələ aspiranturada oxuyarkən Moskvanı çox sevmişdim və özümü moskvalı hiss edirdim. Moskvada yaşadığım 40 il ərzində milli məsələ ilə bəlkə də cəmi iki dəfə üzləşmişəm. Metroda bir sərxoş necə oldusa mənə dedi ki, budur, qafqazlılar tökülüb gəliblər. Lakin mən ona fikir vermədim, çıxıb getdim.
Mstislav ROSTROPOVİÇ:
BİR ÜRƏYİN İKİ PARÇASI
Martın 27-də ən məşhur və görkəmli rus
musiqiçilərindən biri - Mstislav Rostropoviç dünyanın
diqqət mərkəzində oldu. Doğrudan da, böyük rusiyalı,
onun istedadı heç də ayrılıqda götürülmüş hansısa bir ölkəyə məxsus deyildir. Rostropoviç kimi
şəxsiyyətlər insanları birləşdirir, dostluğu ülviləşdirir
və əbədi dəyərlər barədə düşünməyə vadar edir. Onun
75 illiyi Rusiya və Azərbaycan üçün ümumi mədəni və
bəşəri bayram olmuşdur. Bakılılar “öz Slava”sını öz
ölkəsinin şan-şöhrətinin bir hissəsi sanırlar.
Tamara QRUM-QRJİMAYLO
Əslən bakılı olan maestro Mstislav Rostropoviçin 75 illiyi şərəfinə şənliklər hələ ötən ilin dekabrında Romanın musiqi mərkəzində, Santa Çeçiliya konsert salonunda Şostakoviçin “Mtsen qəzasının ledi Makbeti” operasının hələ premyerasından əvvəl başlanmışdır. Rostropoviç Çaykovskinin əsərlərindən ibarət iki simfonik konsertə dirijorluq etmişdir ki, bu da qəzetlərin səhifələrində ilk yubiley “partayış”ına səbəb oldu: “Rostropoviç dahidir”, “Böyük rus musiqiçisi 75 illiyini Romada bayram edir”, “Rostropoviç, istehza və dahi”. Çaykovskinin qüdrəti və coşğunluğu unudulmaz ifada canlanır”, “Rostropoviç sehrkardır... Tamaşaçılar vəcdə gəlmişlər: “Fantastiko!” və sair.
Və birdən belə bir fəlsəfi sitat: “Musiqi sədaları və alqışlarla dolu konsert salonu Rostropoviç “tufan”ının doğurduğu musiqi bayramıdır. Görkəmli musiqiçi maestroya xas olan məziyyətlərin görüşündən doğan təbiət qüvvəsinə getdikcə daha çox oxşayır...”
O, belə bir “tufan”la bu yaxınlarda Bakının üzərini də alaraq, Azərbaycanda növbəti tektonik silkələnmə törətmişdir. Bakı hava limanında Rostropoviçə ilk suallardan biri: “Siz öz 75 illiyinizi harada və nə vaxt qeyd etməyə başladınız?” Maestronun cavabı: “Yubiley ili Romada başlandı, sonra Madrid və digər şəhərlər oldu. Lakin mənim yubiley ayımın - martın startı ancaq burada, Bakıda ola bilər”.
“BİZ ROSTROPOVİÇDƏN ROSTROPOVİÇƏDƏK YAŞAYIRIQ,
- Azərbaycanın mədəniyyət naziri, bayramın sərəncamçısı, əvəzolunmaz masabəyi Polad Bülbüloğlu belə demişdir. - Biz Rostropoviçin yubiley ayı münasibətilə silsilə tədbirlərə başlayırıq və onlar Bakingem sarayında başa çatacaqdır”. Beş il əvvəl olduğu kimi, yenə də yubilyar həmvətən Azərbaycan xalqının Şərq xalçasıtək rəngarəng musiqisi ilə - meydanlarda Rostropoviçin şərəfinə qədim aşıq sənəti davamçılarının çal-çağırından tutmuş bu yaxınlarda “Slavyan bazarı” festivalında birinci mükafata layiq görülmüş “Bəri bax” uşaq vokal qrupunun cazz improvizasiyalarınadək, divarı şəlaləli “Xarı bülbül” restoranında kübarlar ziyafətini rövnəqləndirmiş coşğun Qafqaz rəqsləri və Rəşid Behbudov teatrından olan gənclərin oxuduqları mahnılardan tutmuş Rostropoviçin çoxsaylı musiqiçilərin toplaşdığı şəraitdə ustad dərsləri keçdiyi Üzeyir Hacıbəyov adına Musiqi Akademiyası tələbələrinin ifasında Hindemitin və Şostakoviçin alt və skripka üçün konsertlərinədək məftunedici musiqi ilə qarşılanmışdır.
Hələ sovet dövründə kimsə hesablamışdı ki, adambaşına royalların sayına görə bütün respublikalar arasında birinci yeri məhz Azərbaycan tutur. Azərbaycanlıların bu xüsusi musiqi istedadı bəlkə də əsas səbəblərdən biri olmuşdur ki, incə zövqlü, yüksək biıiklı violonçelist və bəstəkar, Mstislavın atası Leopold Rostropoviç Bakını Rusiyanın bütün digər şəhərlərindən üstün tutmuş və ömrünün ən yaxşı illərini burada yaşamışdır. Müstəqil Azərbaycanın paytaxtında ata və oğul Rostropoviçlərin ev muzeyi məhz bu mart günlərində açılmış və muzey birdən-birə iki yubileyi - Leopoldun 110 illiyini və Mstislavın 75 illiyini qeyd etmişdir.
Muzeyin zəngin, məhəbbətlə toplanmış ekspozisiyası Rostropoviçi və Vişnevskayanı, adlı-sanlı maestronun dünyaya göz açdığı evin astanasına ilk dəfə qədəm qoymuş onların çoxsaylı dostlarını və əcnəbi qonaqları heyran etmişdir. Mstislav Leopoldoviç “həmin şkafı” və anası Sofya Nikolayevnaya bağışlanmış “həmin xalçanı”, sonra da çoxsaylı fotoşəkilləri, avtoqrafları, nadir eksponatları gördükdə heyrətlə demişdir: “Adamın tükləri biz-biz olur!” Budur, Rostropoviçlər nəslinin şəcərəsi, budur, inam, şərəf və borc kimi yüksək devizləri əks etdirən gerb. 15 yaşlı Slava Rostropoviçin müharibə dövründə geyinib, hospitallarda yaralılar qarşısında çıxış etdiyi bu pambıq sırıqlı isə tamam nadir bir eksponatdır. Etika baxımından həyəcanlandırıcı bir məqam - öz muzeyinin açılışında iştirak etmək (belə şeyi “sağlığında”, deyəsən, yalnız pianoçu Aleksandr Borisoviç Qoldenveyzer özünə rəva görmüşdü) Mstislav Rostropoviçi göz görəsi karıxdırmışdı və o, bunu gizlətməyib açıqca bildirdi.
“BÜTÜN ŞƏHƏR “YAMAHA”NIN ALƏTLƏRİNDƏN DANIŞIR!
- deyən Rostropoviç adına musiqi məktəbinin direktoru Rafiq Əzizov vəcdlə bildirdi və xəyalpərəstliklə əlavə etdi: - “Belə pianonu Bakıda hələ heç vaxt dinləməmişlər...” Musiqiçilərin tarixi adlandırdıqları və iki ölkənin - Yaponiya ilə Azərbaycanın münasibətlərində analoqu olmayan hadisə bu iki qısa kəlmədə özünün heyrətamiz ifadəsini tapmışdır. Əlbəttə, maestro Rostropoviç bu ölkələrin münasibətlərinə müdaxilə etməsəydi, belə bir şey əsla mümkün olmazdı. Yubilyar deyir: “Yaponiyadakı ən gözəl dostlarımdan qarşıdakı 75 illiyim münasibətilə mənə hədiyyələr bağışlamaqdansa, Azərbaycan simfonik orkestrinin çox yaxşı musiqiçilərinə gözəl musiqi alətləri göndərməyi xahiş etdim”. Bu xahiş yerə düşmədi! Şahanə hədiyyə - Rostropoviçin yubileyinin elə ilk günü keçirilən təntənəli, yüksək səviyyədə səhnələşdirilmiş mərasimdə Bakı orkestrinə “Yamaha” firmasının qızıl kimi və təptəzə rəngləri ilə bərq vuran 50 musiqi aləti (300 min dollar dəyərində) verildi. Respublika sarayının 2200 yerlik nəhəng konsert salonu gurultulu və sürəkli alqışlara qərq olmuşdu. Mstislav Leopoldoviç təkcə təmtəraqlı mərasimi və tamaşaçıların reaksiyasını deyil, həm də Azərbaycan klassiklərinin Rauf Abdullayevin dirijorluğu ilə elə oradaca yeni alətlərdə səslənmiş gözəl musiqisini nəzərdə tutaraq etiraf etmişdi: “Qalya ilə biz bunu heç vaxt unutmayacağıq”.
“Təzələnmiş” orkestrlə iki gündən sonra yubilyar maestronun özünün konserti oldu. Konsert daha yüksək əhval-ruhiyyə şəraitində keçdi və ABŞ-dan qayıtmış Prezident Heydər Əliyev də dinləyicilər arasında idi. Konsertin proqramı dünya vətəndaşının və böyük rus musiqiçisinin beynəlmiləl amallarını tam şəkildə təcəssüm etdirirdi: Şostakoviçin, Qara Qarayevin, yapon bəstəkarı Akutaqavanın, Çaykovskinin, Dvorjakın... əsərləri səsləndi.
“SİZİN PUTİNLƏ GÖRÜŞÜNÜZ MƏNİM SEVİNCLİ ANLARIM OLDU,
- deyə Mstislav Leopoldoviç Azərbaycan Prezidenti ilə rəsmi görüşdə Heydər Əliyeviçə bildirdi. - Rusiya və Azərbaycan mənim üçün bir ürəyin iki parçasıdır”. Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabovun yanındakı qəbulda, dostlar arasında isə o, iki sevimli ölkəsinin bir-birinə əl uzatmasından çox xoşbəxt olduğunu dönə-dönə deyirdi və hər iki prezidentin - Putinin və Əliyevin sağlığına badə qaldırmağı təklif etdi.
Parlaq natiqliyi ilə məşhur olan Heydər Əliyev “əziz Slava”ya geniş təbrik nitqi ilə müraciət edərək dedi: “Sizin musiqi və ictimai fəaliyyətinizi dünyanın bütün ölkələrində qiymətləndirirlər, lakin ən çox Azərbaycanda qiymətləndirirlər. ABŞ-dan Qlobal Vaksinləmə Fondunun (Siz onun idarə heyətinin üzvüsünüz) prezidenti ilə birlikdə gəlmiş və viruslu hepatitə qarşı 1 milyon dollarlıqdan çox vaksin gətirmişsiniz. Bu, həyatımızın ən mühüm sahəsində - uşaqların sağlamlığı sahəsində böyük köməkdir. Mstislav Leopoldoviç, əlamətdar haldır ki, bütün bunlar Sizin yubileyinizin Azərbaycanda bayram edildiyi günlərdə baş verir. Mən Sizin “İstiqlal” ordeni ilə təltif olunmağınız haqqında fərman imzalamışam”.
Rostropoviç həyatında 42-ci ordeni qəbul edərkən zarafatla dedi: “Mən həyəcanlıyam, amma, xoşbəxtlikdən, ordenlər qəbul etməkdə vərdişliyəm: axı, Danimarkadan aldığım ilk orden ... 1054-cü ildə təsis edilmişdir!”
Daha bir qeyri-adi hadisə - Respublika doğum evində vaksinlərin (hər il 100 min körpəni peyvənd etmək üçün) Azərbaycan hökumətinə təqdim edilməsi mərasimi. Hər şey - Əliyevin, Rostropoviçin, Vişnevskayanın, ABŞ-dan olan qonaqların əllərindəki iri gül dəstələri də, Bakının günəşli bahar səhəri də, doğum evinə gələn hörmətli qonaqları və hədiyyə verənləri əhatəyə almış tibb işçilərinin qar kimi ağappaq xalatları da yubiley təntənələrinə uyğun idi.
Mstislav Rostropoviç doğum evində rəmzi vaksin qutusunu Azərbaycan Prezidentinə təqdim edərək dedi ki, 20 dəqiqə öncə hamımız cəmi 10 saat əvvəl dünyaya göz açan körpəyə “ilk iynə vurulması”nın şahidi olduq. Rostropoviç sözünü pafosla bitirərək dedi: “Bu ampulda balaca insana bütün dünyanın məhəbbəti var”.
“NƏ QƏDƏR PİS ÇALIRAMSA, MƏNİ BİR O QƏDƏR ÇOX
DƏVƏT EDİRLƏR”,
- Böyük Britaniya kraliçası Yelizavetanın hökmranlığının 50 illiyinin bu ilin iyununda bayram edilməsi münasibətilə keçiriləcək şənliklərdə özünün iştirakı barədə suala maestro qımışaraq belə cavab verdi.
- Bəs Siz orada hansı əsərləri səsləndirəcəksiniz, yoxsa dirijorluq edəcəksiniz?
- Mən violonçeldə qısa bir pyesi çalacağam. Uzun-uzadı ifa ilə kraliçaya başağrısı vermək istəmirəm.
- Bəs kraliça ilə münasibətləriniz necədir?
- Əladan əla!!!
- Martın 27-də Sizin 75 illiyiniz Londonda qeyd olunacaqdır. Kimlər dəvət edilmişlər?
- Siyahını mən hazırlamamışam. Bütün bunlar məndən gizlədilir. Güman etdiyim yeganə şey budur ki, konsertdə LSO (London simfonik orkestri) iştirak edəcəkdir. O, gözəl orkestrdir, zənnimcə, Avropada ən yaxşıdır, mən ən çox onunla əməkdaşlıq edirəm. Bizim onunla “ailəvi” dostluğumuz var: mən onunla Londonda iki ay ərzində Şostokoviç festivalı, buna qədər isə daha üç festival - Britten, Prokofyev və yenə də Şostokoviç festivalları keçirmişəm.
- Bəs öz yubileyinizdə nə ifa edəcəksiniz?
- Bilirsinizmi... (fikrə gedir), bilmirəm. Düşünürəm ki, heç nəyə dirijorluq etməyəcəyəm. Bax, bu, məni çox sevindirir.
Güman etmək olar ki, ingilislər Rostropoviçin 1997-ci ildə Parisdə keçirilmiş yubileyindən nümunə götürərək, “sevimli Slava”nın şərəfinə Champs-Elysees teatrında dünyanın ən yaxşı musiqiçilərinin - ifaçıların və bəstəkarların toplaşdıqları unudulmaz konsertdən heç də az parlaq olmayan konsert verəcəklər.
Rusiyaya isə Rostropoviçin yubiley “tufan”ı iyunda gəlib çatacaq və Sankt-Peterburq - Nijni Novqorod marşrutu üzrə keçəcəkdir.
Moskvada “Rostropoviç günləri” haqqında hələlik bir səs-səmir yoxdur. Şair demişkən: “Ağa rəhmsizdir!”
RUSİYA BİZİM İKİNCİ VƏTƏNİMİZDİR
YENİ ULYANOVSKLILAR DOSTLUQ ƏNƏNƏLƏRİNƏ
SADİQDİRLƏR
Azərbaycanlı ailələrini Ulyanovsk vilayətinə müxtəlif səbəblər gətirib çıxarmışdır. Bəziləri təhsil almağa, digərləri çörək pulu qazanmağa gəlmiş, digərləri isə milli münaqişələrin qurbanı olaraq Ermənistandan bura pənah gətirmişlər. Ulyanovskda yaşayan müxtəlif xalqların nümayəndələri kifayət qədərdir. Burada Özbəkistandan və Tacikistandan olan xeyli qaçqın vardır. Onların hamısı dağınıq haldadır və hərə bir cür başını saxlayır. Ulyanovsklı azərbaycanlılar qərib eldə itib-batmamaq üçün birləşmək qərarına gəlmişlər. Bunun sayəsində onlar vilayətdə yaşayan həmyerlilərinə kömək etməyə və öz xalqının milli ənənələrini qorumağa nail olmuşlar.
NATALYA POLAT
1988-ci ildə Dağlıq Qarabağda problemlər meydana çıxanda Ulyanovskda yaşayan gənc azərbaycanlılar - tələbələr, avtomobil zavodunun işçiləri Leninin vətənində öz diasporunu yaratmaq qərarına gəlirlər. Onlar Azərbaycanın, xüsusən Dağlıq Qarabağın tarixi ilə bağlı bütün həqiqətləri öz həmvətənlərinə və regionun bütün sakinlərinə çatdırmaq istəyirdilər.
Beləliklə, bir ildən sonra Ulyanovskda azərbaycanlıların “Odlar yurdu” (indi “Nizami”) adlı vilayət diasporu qeydə alındı. Özü də çox böyük çətinliklə, çünki əvvəlki hakimiyyət (xüsusilə vilayət icraiyyə komitməsinin keçmiş sədri erməni Oleq Qazarov) bu ideyanı dəstəkləmirdi. Gənc azərbaycanlıları bunda təqsirləndirirdilər ki, guya onlar Ulyanovskda kiçik Dağlıq Qarabağ yaratmaq istəyirlər. Ancaq Azərbaycan diasporunun fəalları öz həmvətənlərini birləşdirə bildilər. Uzun süründürməçilikdən sonra və ÜİLKGİ MK-nın köməyi ilə təşkilat axır ki yaşamaq hüququ əldə etdi.
Artıq 1990-cı ildə, Dağlıq Qarabağ qurbanlarının xatirə günündə Ulyanovskda yaşayan azərbaycanlılar vilayət partiya komitəsinin yaxınlıqında mitinq təşkil etdilər. Mitinqdə təxminən 1000 nəfər iştirak edirdi. Ulyanovsklı azərbaycanlıların müraciəti Moskvaya - Qorbaçova və Lukyanova göndərildi. Elə həmin gün regional diasporun sədri Şakir Göyüşov Azərbaycanın Moskvadakı nümayəndəliyinə yola düşdü. O, həlak olanların ailələrinə humanitar yardım üçün 52 min rubldan çox pul aparmışdı. Burada o, ilk dəfə olaraq, Azərbaycanın indiki Prezidenti Heydər Əliyevlə tanış oldu. O zaman Əliyev hamının qarşısında bəyan etdi ki, SSRİ-nin və Azərbaycanın rəhbərləri böyük səhv etmişlər, qan tökülməsinə yol verilməməli idı.
“Nizami” cəmiyyəti regionda yaşayan azərbaycanlı ailələrin mənəvi inkişafı ilə məşğul olur. Onlar üçün “Azərbaycanın səsi” adlı milli qəzeti buraxılır. Gələcəkdə özlərinin tele-radio proqramını yaratmaq da nəzərdə tutulmuşdur. Zasviyajsk rayonunda Azərbaycan məktəbi vardır. Burada müntəzəm surətdə dərslər keçilir. Uşaqlar doğma dili və rus dilini öyrənirlər. Məscid açmaq da nəzərdə tutulmuşdur.
“Nizami” cəmiyyəti hər il milli bayramları - Novruz və Qurban bayramlarını, Dünya azərbaycanlılarının həmrəylik gününü qeyd edir. Belə tədbirlərə Bakıdan tanınmış musiqi kollektivləri dəvət olunur. Şənlikdə iştirak edənlərin hamısı üçün pulsuz süfrə açılır.
Həmyerlilər öz problemləri ilə bağlı “Nizami” cəmiyyətinə tez-tez müraciət edirlər.
Diasporun sədri Şakir Göyüşov deyir: “Biz köməyimizi heç kimdən əsirgəmirik. Bəzilərinin hüquqi, bəzilərinin maddi köməyə, bəzilərinin isə adi xeyirxah məsləhətə ehtiyacı olur...”
X X X
Ulyanovsk vilayətində 35 mindən çox azərbaycanlı yaşayır. Bir çoxları burada çoxdan yurd-yuva salmışdır. Diasporun nümayəndələri arasında tanınmış və hörmətli adamlar az deyildir. Bunlar müəllimlər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, vəkillər, iri sahibkarlardır.
Diasporun sədri Şakir Göyüşov özü 16 ildir ki, avtomobil zavodunda işləyir. O, alət sexinin ustası vəzifəsindən direktorun təchizat üzrə müavininədək böyük bir yol keçmişdir.
“Nizami” cəmiyyətinin icraçı direktoru Rövşən Rəhimov Ulyanovska 1985-ci ildə gəlmişdir. O, Gəncə avtomobil zavodundan UAZ-a təcrübə keçməyə gəlmiş mütəxəssislər qrupunun başçısı idi. Bütün bu illər ərzində o, öz həmvətənləri arasında fəal iş aparır, onların gündəlik problemlərini həll edir.
“Nizami” cəmiyyəti prezidentinin müavini Fazil Hacıyev Ulyanovskda ilk dəfə olaraq “RosTur” Rusiya-Türkiyə istehsal şirkəti yaratmışdır. Şirkətdə təxminən 150 nəfər çalışır. İşçilərin 10 nəfəri azərbaycanlı qaçqındır. Bu, vilayətdə yeganə birgə istehsal müəssisədir. Hazırda çox uğurla inkişaf edir. “RosTur” gələcəkdə genişlənəcəkdir, daha 500 iş yeri yaratmaq nəzərdə tutulmuşdur. Bu isə işləməyən həmvətənlərin burada işə düzəlməsi üçün əlavə imkan yaradacaqdır. Azərbaycan biznesmenləri ilə əməkdaşlıq işi də yoluna qoyulmuşdur. Yaxın gələcəkdə “RosTur” Ulyanovsk ilə Azərbaycan arasında, bir növ, körpü olacaqdır.
“RosTur” cəmiyyətin bütün problemlərinin həllində yaxından iştirak edir, bir çox mühüm məsələlərdə ona maddi yardım göstərir.
Azərbaycandan bura gəlmiş Dilanovlar ailəsi vaxtilə müflisləşmiş kolxoz və sovxozları götürmüşdür. Böyük çətinliklərə baxmayaraq, onlar təsərrüfatı uğurla qaydaya sala bilirlər. Həm azərbaycanlı qaçqınlar, həm də yerli əhali burada həvəslə çalışır, vaxtında da əmək haqqı alırlar.
Ulyanovskda yaşayan azərbaycanlılar arasında məşhur idmançılar da az deyildir. Onların arasında yunan-Roma güləşi üzrə üç dəfə Avropa çempionu, Dünya kubokunun sahibi və Atlanta Olimpiya oyunlarının bürünc mükafatçısı Zəfər Quliyev də vardır.
X X X
“Nizami” cəmiyyəti mövcud olduğu 14 il ərzində təkcə həmvətənlərin deyil, yerli hakimiyyət orqanlarının da böyük nüfuzunu qazanmışdır. Öz xalqının bütün milli ənənələrini qoruyub saxlamağa və həmvətənləri birləşdirməyə nail olmuşdur. “Nizami” cəmiyyəti Rusiyanın digər regionlarındakı ictimai birliklər üçün örnəyə çevrilmişdir. Bax, buna görə də hazırda Ulyanovsk diasporu regionda ən iri və sıx birləşmiş diaspordur.
ƏLİ KƏRİMOV:
NORİLSKDƏ MİLLƏTLƏRARASI PROBLEMLƏR YOXDUR
Norilskin əlahiddə statusu barədə Rusiya hökumətinin qəbul etdiyi qərar müxtəlif söz-söhbətlərə səbəb olur. Müvafiq sənədləri olmadan bu şəhərdə yaşayan başqa dövlətlərin, o cümlədən Cənubi Qafqaz ölkələrinin nümayəndələrinə ya rəsmi qaydalara riayət edib qeydiyyata düşmələri, ya da şəhəri tərk etmələri barədə qəti qərara gəlmək üçün yarım il vaxt ayrılmışdır. Fərziyyələrdən birinə görə, Norilsk şəhərinin yeni statusu ilk növbədə burada yaşayan çoxsaylı Azərbaycan diasporuna qarşı yönəldilmişdir. Diasporun başçısı, “Azəri” ictimai hərəkatı şurasının sədri Əli Kərimov “İzvestiya” qəzetinin müxbiri Mariya Beloklokovaya verdiyi müsahibədə Norilskdə millətlərarası ədavət probleminin olmasını uydurma adlandırmışdır.
-Norilskə “qapalı” şəhər statusunun qaytarılması barədə hökumətin qərarını necə qiymətləndirirsiniz və həmin qərar sizin diasporun həyatına necə təsir etmişdir?
-Mənə belə gəlir ki, bu qərar təkcə azərbaycanlılar üçün deyil, ümumiyyətlə, Norilskin bütün sakinləri üçündür, onun heç bir mənfi təsiri olmayacaq. Ərazimiz kifayət qədər kiçikdir və burada bu qədər insanın olmasına ehtiyac yoxdur. Zənnimcə, burada əhalinin sayının məhdudlaşdırılması tamamilə təbiidir və hətta zəruridir. Norilsk yaşamalı yox, işləməli şəhərdir. Bununla belə, qərar çıxandan bir neçə gün sonra diasporumuzun nümayəndələri şəhər rəhbərliyi ilə görüşmüşdür. Bundan başqa, mən lap əvvəldən, qərar çıxanda Ümumrusiya Azərbaycan konqresinə məlumat vermişəm.
Belə bir razılıq əldə olundu ki, əgər hər hansı bir hüququ problem meydana çıxsa, biz səfirliyə müraciət edib onları həll etməyə başlayacağıq. Hazırda vətəndaşlığı olmayan və qeydiyyata düşməmiş adamlar üçün sənədlərin tərtib edilməsi ilə bağlı bəzi problemlər vardır, lakin Norilskdə, ələlxüsus yazda parsport masaları önündə növbələrin olması adi haldır. Diaspor nümayəndələrinin təxminən 10-15 faizi belə problemli kateqoriyaya aiddir. Lakin bu qərar çıxandan sonra belə, hər kəs heç bir çətinlik çəkmədən öz yaxın qohumlarını, deyək ki, Bakıdan, dəvət edə bilər. Bunun üçün çoxdan qaydaya salınmış sxem mövcuddur.
-Norilskdə nə qədər azərbaycanlı yaşayır?
-Təxminən 15 min nəfər. Özü də 8-10 min nəfəri 1991-ci ildən xeyli qabaq gəlmişdir. O zaman buraya gələnlərin çoxu “Qazprom”da, yaxud dağ-mədən şirkətində işləyirdi. İndi isə təxminən 15 faizi sahibkarlıqla məşğuldur.
-Doğrudanmı, 1999-cu ilin aprel ayında hüquq-mühafizə orqanları Norilskdə qeyri-leqal şəraitdə yaşayan azərbaycanlıların şəhərdə deportasiyası üzrə aksiya keçirmiş və özü də onlara biletləri diaspor almışdır?
-Xeyr, burada heç vaxt belə bir şey olmamışdır. Bilmirəm, deyəsən, buna bənzər bir hadisə 1995-ci ildə, ya da 1997-ci ildə Krasnoyarskda baş vermişdi. Burada belə bir aksiyanı hətta təsəvvürə gətirmək çətindir. Norilsk həmin qərar çıxandan hələ xeyli qabaq çoxmillətli bir şəhər kimi formalaşmışdır. Bu, açıq-aydın faktdır. Bir çoxları norilskliləri gəlmələrə və yerlilərə ayırmağa cəhd göstərir, əslində isə, buradakıların hamısı gəlmələrdir - şəhər cəmi 50 il bundan əvvəl yaranmağa başlamışdır. Mövcud olmayan millətlərarası ədavət problemini qərar çıxandan dərhal sonra kütləvi informasiya vasitələri, xüsusilə, mərkəzi informasiya vasitələri qaldırmağa cəhd göstərmişlər. Yəqin ki, bu kartdan istifadə etmək kimlərə isə sərfəlidir. Lakin mən özüm artıq 23 ildir Norilskdə yaşayıram və deyə bilərəm ki, bu cəhətdən Moskvada problemlər qat-qat çoxdur. Mən işimlə əlaqədar tez-tez paytaxta getməli oluram. Təyyarədən düşən kimi məni ilk milis işçisi hava limanında, ikincisi isə metrodan çıxanda saxlayır. Burada isə belə şey yoxdur.
-Yəni, hüquq-mühafizə orqanları ilə bağlı problemlər meydana çıxmır?
-Məndə olan statistik məlumata görə, belədir. Hətta cinayətlərin sayını götürsək belə, azərbaycanlıların payına çox cüzi faiz düşür. Nədənsə, kimsə azərbaycanlıları ictimai rəy üçün qıcıqlandırıcı amilə çevirməyə cəhd göstərir.
Hələ Krasnoyarsk diyarının qubernatoru Aleksandr Lebed belə bir ruhda çıxış edərək bildirmişdir ki, xüsusilə narkomaniya və QİÇS-ə tutulma baxımından Norilsk üçün əsas təhlükə mənbəyi məhz gəlmələrdir. Əslində isə belə deyildir.
“İzvestiya” qəzeti, 28 mart
2002-ci il