Azərbaycan Texniki Universitetində maarifləndirmə tədbiri keçirilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) “Narkotiksiz gələcək naminə” mövzusunda tədbir keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və mətbuat xidmətinin əməkdaşları iştirak ediblər.
Məruzəçilər ölkə rəhbərliyi tərəfindən təsdiqlənmiş Dövlət proqramlarının və müvafiq qanunvericilik aktlarının icrası ilə bağlı ətraflı məlumat verib, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını qanunsuz olaraq hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə çıxış ediblər.
Həmçinin tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib. Məruzələr ətrafında aparılan müzakirələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə tələbələrin narkomaniyaya qarşı mübarizə ilə bağlı sualları ekspertlər tərəfindən cavablanırılıb. Eyni zamanda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.