Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Giresun Universiteti arasında müqavilə imzalanmışdır
Bakı, 23 sentyabr (AZƏRTAC). Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Giresun Universitetinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan ATU-da yüksək səviyyəli təhsil və tədris üçün hər cür şərait yaradıldığını qeyd etmişdir.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rektor universitetin nəzdində fəaliyyət göstərən klinikaların ən son texnoloji avadanlıqlarla təchiz olunduğunu, burada gənc mütəxəssislərin hazırlanması üçün laboratoriyalar qurulduğunu diqqətə çatdırmışdır.
Türkiyənin Giresun Universitetinin rektoru, professor Aygün Attar isə demişdir: “Artıq universitetimizdə region ölkələrindən - Azərbaycan, Ukrayna, Gürcüstan və Rusiyadan tələbələr vardır. Biz Türkiyə-Azərbaycan münasibətlərini daha da yaxşılaşması üçün təhsil sahəsində əlimizdən gələni edəcəyik.”
Görüşün sonunda iki universitet arasında akademik və elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu saziş iki universitet arasında əməkdaşlıq, qarşılıqlı rezidentura imkanlarının, ortaq elmi araşdırmaların reallaşdırılmasını nəzərdə tutur. Protokola görə, Giresun Universitetinin nəzdində yeni yaradılan və səhiyyə sahəsində çalışacaq kadrlar yetişdirən Sağlıq Xidmətləri Peşə Məktəbi ilə qarşılıqlı təhsil-tədris işbirliyi də həyata keçiriləcəkdir.