Azərbaycan Tibb Universitetində Əlcəzairin ölkəmizdəki səfiri ilə görüş olub
Bakı, 25 avqust, AZƏRTAC
Bu gün Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mouloud Hamain Azərbaycan Tibb Universitetində (ATU) olub.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfir universitetin rektoru, akademik Əhliman Əmiraslanovla görüşüb.
Qonağa rəhbərlik etdiyi ali tibb müəssisəsi haqqında məlumat verən Ə.Əmiraslanov Əlcəzair universitetləri ilə ATU arasında elm və təhsil sahələrində əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib.
Əlcəzair Respublikasının ölkəmizdəki səfiri vəzifəsinə yeni təyin olunan Mouloud Hamain ilk səfərini Tibb Universitetinə etdiyini deyib. Azərbaycanın dünyaya bir çox dahi insan bəxş etdiyini söyləyən səfir, eyni zamanda, akademik Ə.Əmiraslanovla tanışlığından qurur duyduğunu söyləyib. Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində gedən inkişafdan məmnunluğunu bildirən Mouloud Hamain iki dost ölkə arasında elm, təhsil və tibb sahəsindəki əlaqələrin daha da genişləndirilməsini, müxtəlif təhsil və elm müəssisələri arasında ikitərəfli əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. O, yaxın gələcəkdə ATU və Əlcəzair universitetləri arasında əlaqələrin qurulacağına dəstək olacağını söyləyib.