Azərbaycan Tibb Universitetində ilk dəfə prostat vəzin laporoskopik yolla əməliyyatı uğurla nəticələnib
Bakı, 10 iyun, AZƏRTAC
Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında laporoskopik radikal prostatektomiya əməliyyatı uğurla nəticələnib.
ATU-dan AZƏRTAC-a bildirilib ki, bu əməliyyatda ATU-nun onkologiya kafedrasının assistenti, həkim-onkouroloq Vasif İsmayıl ilə yanaşı, Türkiyənin məşhur uroloqu Yaşar Özgük, Almaniyanın Haydinbörq Klinikasının urologiya şöbəsinin həkimi Əli Sərdar Gözen də iştirak ediblər.
V.İsmayıl bildirib ki, iki saat yarım davam edən əməliyyat ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən 70 yaşlı xəstə üzərində aparılıb. Xəstədə müayinələr nəticəsində dünyada kişilərin ölümünə səbəb olan prostat vəzin xərçəngi aşkarlanıb. Prostat vəzin xərçəngi vaxtında aşkarlanaraq düzgün müalicə olunarsa xəstəni tamamilə sağaltmaq mümkündür. Bu xəstədə prostat vəzin tamamilə çıxarılması əməliyyatı - radikal prostatektomiya əməliyyatı aparılamalı idi. Radikal prostatektomiyanı həm klassik, açıq əməliyyatla, yəni köhnə metodla aparmaq mümkündür, həm də laporoskopik, robot yardımı ilə etmək olar. Biz isə laporoskopik radikal prostatektomiyaya qərar verdik. Bu əməliyyat bütün laporoskopik əməliyyatların ən çətini və əziyyətlisi sayılır.
V.İsmayıl qeyd edib ki, bu əməliyyatın icrası təkcə ATU üçün deyil, ümumiyyətlə Azərbaycan tibb elmi üçün əlamətdar bir hadisədir. Laporoskopik radikal prostatektomiya əməliyyatını ölkəmizdə ilk dəfə icra etmək bizə də stimul verib. Çünki biz artıq bir neçə ildir ki, laporaskopik urologiya ilə ciddi şəkildə məşğul oluruq. Əməliyyat etdiyimiz xəstənin vəziyyəti normaldır, adekvatdır, özünü yaxşı hiss edir.
Qeyd edək ki, iyunun 8-9-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında Türk UroLap dərnəyinin 32-ci beynəlxalq tətbiqi laporoskopik urologiya kursu təşkil olunub. Bu tədbirə əməliyyatda iştirak edən həkimlər də qatılıblar.