Azərbaycan Tibb Universitetində onurğa xəstəliklərinin müalicəsində son model cihazdan istifadə olunur
Bakı, 23 fevral, AZƏRTAC
Əvvəllər yalnız yaşlılarda rast gəlinən onurğa xəstəlikləri müasir dövrdə xeyli gəncləşib. Son illər gənclərdə skalioz, kifoz, yırtıq və bu kimi digər xəstəliklərə çox rast gəlinir. Bu cür xəstəliklərin müalicəsində isə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasındakı yeni traksion (dartma) cihazından uğurla istifadə olunur.
AZƏRTAC xəbər verir ki, klinikanın fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyevanın sözlərinə görə, onurğa sütunundakı dəyişikliklər anadangəlmə və sonradan yaranmış ola bilər: “Onurğa sütunu orqanizmin dayaq hissəsidir. Onun müxtəlif şöbələrində olan problemlərin fizioterapevtik müalicəsi mümkün olarsa, məhz belə halda traksion aparatından istifadə edilir. Traksion cihazından onurğa sütununun bütün şöbələrinin müalicəsində - fizioterapiya və reabilitasiya üçün istifadə oluna bilər. Hazırda klinikada olan traksion cihazı ABŞ istehsalıdır və son nəsil texnologiyalara aiddir. Məlumdur ki, onurğa problemlərində öncə vizual olaraq həkim müayinəsi aparılır. Sonra gərək olduqda instrumental müayinə - MRT, rentgen, kompüter tomoqrafiyası və digər aparatlardan istifadə olunaraq diaqnoz qoyulur”.
Mütəxəssis bildirib ki, traksion aparatında həm uşaqlar, həm də böyüklərin müalicəsi aparıla bilər. Lakin onurğadakı bütün xəstəliklərdə həmin cihazdan istifadə oluna bilməz. Bu səbəbdən prosedurun aparılması zamanı bir çox məqamlara diqqət yetirilir. Belə ki, traksion müalicəsi üçün müəyyən yaş məhdudiyyəti var. Bundan əlavə, müalicə təyin olunmazdan əvvəl laborator analizlər də aparılır. Əgər xəstənin qanında ionlaşmış kalsiumun miqdarı azdırsa, D vitamini çatışmırsa, dartma aparatından istifadə məqbul deyil. Bu məsələdə xəstəliyin ağırlıq dərəcəsi də böyük rol oynayır. Traksion aparatında yalnız onurğanın dartılması həyata keçirilmir. Cihaz onurğanın ətraf əzələlərindəki zəifliyin də aradan qaldırılmasına yardımçı olur. Həmin aparatda xəstənin onurğası həm dartılır, həm də ətraf əzələlərin sanki masajı icra edilir.
Həkimin fikrincə, gənc və yeniyetmələrdəki onurğa problemləri əsasən müasir həyat tərzi ilə əlaqədar olub, mobil telefon, kompüter və planşetlərdən həddən artıq istifadə səbəbi ilə ortaya çıxır. Mütəxəssis valideynlərə həmin məsələdə daha diqqətli davranmağı məsləhət görür.