Azərbaycan Tibb Universitetinin həkimləri 22-ci Beynəlxalq Cərrahiyyə Konqresində çıxış ediblər
Bakı, 29 mart, AZƏRTAC
Bu günlərdə Türkiyənin Antalya vilayətində 22-ci Beynəlxalq Cərrahiyyə Konqresi keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin qatıldığı tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları da iştirak ediblər. Cərrahiyyənin bütün sahələrini əhatə edən konqresdə endokrinoloji, bariatrik, təcili cərrahiyyə, yırtıq cərrahiyyəsi, abdominal və torakal cərrahiyyə mövzusunda elmi təqdimatlar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun ümumi cərrahlıq kafedrasının professoru Novruz Hacıyev 15-dən çox azərbaycanlı cərrahın yer aldığı nümayəndə heyəti adından konqresdə çıxış edib.
Elmi toplantıda ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti tibb üzrə fəlsəfə doktoru Azər Hümbətov “Tiroid düyünlərinin dəyərləndirilməsində elastoqrafiyanın rolu” mövzusunda çıxış edib. O, həmçinin apardığı tədqiqatların nəticələrinə dair dörd poster çıxışını da təqdim edib. A.Hümbətov tiroidektomiya əməliyyatı ağırlaşmaları, hipokalsemiyanın səbəbləri, Azərbaycanın endemik və qeyri-endemik bölgələrində tiroid düyünlərinin malıqnizasiya riski və s. mövzularda fikirlərini həmkarları ilə bölüşüb.
Professor Novruz Hacıyev də konqresdə təqdimatla çıxış edib.