AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL ÜÇÜN QEYDİYYAT DAVAM EDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, 2008-2009-cu tədris ili üçün ali məktəblərə Azərbaycan bölməsinin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak etmiş və 300-dən yuxarı bal toplamış, 2008-ci il sentyabrın 1-dək 17 yaşı tamam olan, orta məktəbi bitirdiyi ildə 19 yaşı tamam olmayan oğlan abituriyentlərin (yalnız Azərbaycan Respublikasının vətəndaşları) Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbulu üçün qeydiyyat davam etdirilir.
Hərbi tibb fakültəsinə qəbul olmaq istəyən namizədlər iyulun 30-dək fakültədə yaradılmış Sənəd Qəbulu Komissiyasına (ünvan: C. Məmmədquluzadə küçəsi, 3) aşağıdakı sənədləri təqdim etməlidirlər: məktəb rəisinin adına ərizə; tərcümeyi-hal; doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş); xasiyyətnamə; orta təhsil haqqında sənədin surəti; 4 ədəd fotoşəkil (baş geyimsiz, 4,5x6 sm ölçüdə); 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri; sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ; qanın ümumi analizi, qan qrupu və rezus faktor; tibbi göstərişə görə qanda İİÇV və sifilisə görə seroloji reaksiyalara aid müayinə; sidiyin ümumi analizi, nəcisdə helmintlərin yumurtalarının və lyambiyaların sistlərinin olub-olmamasına aid müayinə; psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlerdə (kabinetlərdə) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi (doğum haqqında şəhadətnamə), çağırışçının qeydiyyat vərəqəsi, orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.