Azərbaycan Tibb Universitetinin klinikasında üç yaşlı uşaq uğurla əməliyyat olunub
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri ölkəmizdə bir ilkə imza atıblar. Belə ki, Ebstein anomaliyası diaqnozu ilə klinikaya qəbul edilən 3 yaşlı Cahid Nəsirov uğurla əməliyyat edilib. Əməliyyat klinikanın uşaq ürək cərrahı Ramal Həsənovun rəhbərliyi ilə icra olunub.
Klinikanın cərrahı Ramal Həsənov AZƏRTAC-a bildirib ki, Ebstein anomaliyasının anadangəlmə ürək xəstəlikləri arasında rastgəlmə tezliyi bir faizdən də azdır. Həkimin sözlərinə görə, bu anomaliya ilk dəfə Vilhelm Ebstein tərəfindən 1866-cı ildə aşkarlanıb.
Cərrah Ebstein anomaliyasının ağırlıq dərəcəsindən asılı olaraq 4 tip olduğunu bildirib. O, C.Nəsirovda 3-cü tip Ebstein anomaliyası, qulaqcıqlararası çəpər defekti aşkarlandığını qeyd edib və xəstənin elektofizioloji müayinəsi zamanı hər hansı bir aberrant yol aşkarlanmadığını deyib.
“Xəstə üzərində aparılan əməliyyat uğurla həyata keçirildi. Azyaşlı 3 gün reanimasiya şöbəsində qaldı və 10-cu gün yaxşılaşma ilə evə yazıldı”, - deyə cərrah bildirib.
Azyaşlının yaxınları onun anadangəlmə ürək qüsurlu doğulduğunu, xəstəlikdən əməliyyata qədər xeyli əziyyət çəkdiyini diqqətə çatdırıblar. Onlar klinikada cərrah Ramal Həsənovun rəhbərliyi ilə aparılan əməliyyatdan sonra 10 gün ərzində azyaşlının səhhətində xeyli irəliləyişin olduğunu, təngnəfəsliyin qeydə alınmadığını deyiblər. Xəstənin yaxınları çətin əməliyyatı uğurla həyata keçirdiklərinə görə, klinikanın həkimlərinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu əməliyyat 10 ilə yaxındır dünyanın nüfuzlu tibb mərkəzlərində icra olunur.