Azərbaycan-Türkiyə tərəfdaşlığının regionun geoiqtisadi xəritəsinin formalaşmasında rolu TƏHLİL
Bakı, 18 avqust, AZƏRTAC
Beynəlxalq münasibətlərdə ikitərəfli tərəfdaşlıqların çoxu tərəflərin qarşılıqlı maraq balansı ilə məhdudlaşır. Azərbaycan–Türkiyə münasibətləri isə uzun müddətdir ki, bu çərçivədən kənara çıxıb. “Bir millət, iki dövlət” ifadəsi mədəni və emosional yaxınlığı ifadə etdiyi halda, son illərin konkret gündəliyi bu mədəni və emosional ölçünün çox kənarına keçib. Bu gün Bakı ilə Ankara arasındakı əməkdaşlıq Cənubi Qafqazın siyasi və iqtisadi tənliyini yenidən quran struktur bir qüvvəyə çevrilib. Regionun xəritəsi yenidən çəkilir və bu xəritəni çəkən qələmlər bu iki ölkənin əlindədir.
Bu transformasiyanın mahiyyəti sadə, təsiri isə böyükdür. Cənubi Qafqaz tarix boyu böyük güclərin toqquşduğu bufer zona kimi görünürdü. İndi isə nəqliyyat, enerji və ticarət marşrutlarının kəsişdiyi bir qovşağa çevrilir. Bu transformasiya Bakı–Tbilisi–Ceyhan boru kəmərindən Bakı–Tbilisi–Qars dəmir yoluna, Trans-Anadolu Təbii Qaz Boru Kəmərindən (TANAP) liman və terminal investisiyalarına qədər uzanan iyirmi illik təcrübənin məhsuludur. Azərbaycan və Türkiyə bu prosesdə həm investor, həm marşrut sahibi, həm də siyasi qarant rolunu eyni vaxtda öz üzərinə götürür.
Bu fikirlər Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) eksperti, Eskişehir Osmangazi Universitetinin Siyasi elm və dövlət idarəçiliyi kafedrasının müəllimi professor Ensar Kıvrakın məxsusi olaraq AZƏRTAC üçün yazdığı məqalədə yer alıb. Məqaləni təqdim edirik.
Səfərlərin iqtisadi dili
Prezident İlham Əliyevin Türkiyəyə və region paytaxtlarına etdiyi səfərlər adətən protokol xəbərləri kimi oxunur. Halbuki bu təmasların məzmunu hər iki liderin həm qarşılıqlı dostluğu, həm də liderlik baxışları sayəsində tədricən daha texniki və daha iqtisadi xarakter alıb. Gündəlik maddələri artıq dəmir yolu birləşmə nöqtələri, qaz təchizatı qrafikləri, gömrük prosedurları və tranzit tarifləri ətrafında formalaşır. Bakı Enerji Həftəsi çərçivəsində Türkiyə ilə Azərbaycan arasında imzalanan və 2029-cu ildən etibarən ümumilikdə 33 milyard kubmetr təbii qaz tədarükünü nəzərdə tutan 15 illik saziş bu diplomatiyanın konkret nəticəsini göstərir. Səfərlər siyasi mesaj verməkdən əlavə, uzunmüddətli infrastruktur və təchizat öhdəliklərinin bağlandığı platformalara çevrilib.
Bu təmasların məxrəci Azərbaycanın Şərqlə Qərb arasındakı əlaqələndirici rolunu təsisatlandırmaq cəhdidir. Bakı artıq Xəzərin iki sahilini, Mərkəzi Asiyanı və Avropanı bir-birinə bağlayan düyün nöqtəsi kimi mövqelənir. Türkiyə isə bu düyünün Avropaya açılan qapısı olaraq eyni tənliyin digər yarısını təşkil edir.
Zəngəzur: çatışmayan həlqənin tamamlanması
Bu memarlıqda ən kritik çatışmayan həlqə Azərbaycanın quru ərazisi ilə Naxçıvan arasındakı birbaşa əlaqə idi. Zəngəzur marşrutu otuz ildən çoxdur qırıq olan bu xətti yenidən bərpa etmək məqsədi daşıyır. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşma və ardınca formalaşan TRIPP çərçivəsi marşrutun hüquqi və siyasi zəminini əvvəlki dövrlərlə müqayisədə daha konkret hala gətirdi.
Marşrutun əhəmiyyəti yalnız Azərbaycanın daxili bütövlüyü ilə məhdudlaşmır. Naxçıvan vasitəsilə Türkiyəyə çatan xətt iki ölkə arasında kəsintisiz quru və dəmir yolu əlaqəsi deməkdir. Yəni artıq dostluq və qardaşlıqla yanaşı, de-fakto qonşuluq da reallığa çevrilir. Türkiyə tərəfində tikintisi davam edən Qars–İğdır–Aralıq–Dilucu yüksək standartlı dəmir yolu layihəsi də bu əlaqə xəttinin tamamlayıcısıdır.
Zəngəzur xətti istifadəyə verildikdə Mərkəzi Asiyadan Avropaya uzanan yükün Cənubi Qafqaz daxilindəki məsafəsi və müddəti nəzərəçarpacaq dərəcədə qısalacaq. Bu, regional ticarət baxımından da böyük məna kəsb edir. Bu günə qədər üçüncü ölkələr vasitəsilə dövr etmək məcburiyyətində qalan yük axını birbaşa və daha ucuz bir alternativə qovuşacaq.
Orta Dəhlizin artan çəkisi
Zəngəzuru təkbaşına deyil, Orta Dəhliz çərçivəsində qiymətləndirmək lazımdır. Çindən və Mərkəzi Asiyadan Xəzər vasitəsilə Cənubi Qafqaza, oradan Türkiyə üzərindən Avropaya uzanan bu marşrut şimal marşrutu ilə müqayisədə təxminən iki min kilometr daha qısadır. Dəniz yolunda 35–45 gün çəkən tranzit müddətləri quru marşrutu üzərində çox daha aşağı salına bilir. Dünya Bankının dəhlizin ticarət həcminin 2030-cu ilə qədər üç dəfə arta biləcəyinə dair qiymətləndirməsi bu potensialın qlobal miqyasda da qəbul edildiyini göstərir.
Orta Dəhlizin işləkliyi onun üzərindəki hər bir həlqənin eyni standartda çalışmasından asılıdır. Azərbaycan bu zəncirdə Xəzər keçidini və Ələt kimi liman-logistika mərkəzlərini idarə edir, Türkiyə isə gücü dəhlizin Avropaya açılan davam nöqtəsi kimi müəyyənləşdirir. Bakı–Tbilisi–Qars xəttinin gücünün artırılması, donanma və terminal investisiyaları, rəqəmsal gömrük tətbiqləri və tək pəncərə sistemləri marşrutun rəqabət qabiliyyətinə birbaşa təsir edən amillərdir. İki ölkə arasında getdikcə daha inteqrasiya olunmuş nəqliyyat zənciri qurulur. Bu zəncir vahid qrafiklə işləyən tək bir logistika sistemi kimi fəaliyyət göstərir.
Enerji və nəqliyyatın kəsişməsi
Enerji əməkdaşlığı bu memarlığın digər bir qoludur. Azərbaycan resurslarının Türkiyə vasitəsilə Avropaya çatması qitənin təchizatın şaxələndirilməsi axtarışı ilə üst-üstə düşür. İğdır–Naxçıvan təbii qaz boru kəmərinin tamamlanması enerji infrastrukturunun da eynilə nəqliyyat kimi regional bütövlük qazandığını göstərir. Kritik məqam enerji və nəqliyyat layihələrinin artıq ayrı-ayrı mövzular olmamasıdır. Eyni dəhliz üzərində boru kəməri, dəmir yolu, avtomobil yolu və tədricən elektrik ötürücü xətlər paralel şəkildə irəliləyir. Bu üst-üstə düşmə hər bir layihənin iqtisadi və siyasi davamlılığını ayrıca artırır.
Türk dünyası və regional inteqrasiya
Tərəfdaşlığın üçüncü ölçüsü Xəzərin şərqinə uzanır. Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə arasındakı fiziki əlaqənin məcburi keçid nöqtəsidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən gömrük uyğunlaşması, birgə investisiya fondları və daşınma qaydaları bu əlaqəni siyasi vədlərdən ticarət təcrübəsinə keçirir. Azərbaycan–Türkiyə modeli burada bir istinad rolunu oynayır. Həqiqətən də Türkiyə və Azərbaycan infrastrukturu birgə planlaşdırır, qanunvericiliyi uyğunlaşdırır və layihələri siyasi konyunkturadan asılı olmayan qrafiklərə bağlayır.
Təsir dairəsi yalnız bu ikisi ilə məhdudlaşmır. Gürcüstan tranzit gəlirləri ilə, Qazaxıstan və Türkmənistan Xəzər keçidləri ilə, Yaxın Şərq isə İnkişaf Yolu kimi tamamlayıcı layihələrlə eyni tənliyin tərkib hissəsinə çevrilir. Ticarət, investisiya, logistika və enerji bir-birinə bağlandıqda ortaya çıxan marşrut deyil, iqtisadi ekosistem olur.
Çoxşaxəlilik və gələcək
Azərbaycan–Türkiyə əməkdaşlığını tək bir mövzuya sığdırmaq mümkün deyil. Nəqliyyat, enerji, ticarət və investisiya ilə yanaşı, müdafiə sənayesi və regional təhlükəsizlik də eyni çərçivənin hissəsidir. Dəhlizlərin fəaliyyət göstərə bilməsi, təhlükəsizliyin davamlılığı üçün iqtisadi asılılığın qarşılıqlı olması lazımdır. İnfrastruktur investisiyası ilə sabitlik arasındakı bu dövrü əlaqə tərəfdaşlığın ən möhkəm tərəfidir. Belə ki, qlobal təchizat zəncirlərinin Qırmızı dənizdən Ukraynaya uzanan xətt boyunca həssaslaşdığı bir dövrdə investorların axtardığı ən qısa deyil, ən etibarlı marşrutdur. Davamlılıq artıq xərc maddəsi deyil, rəqabət üstünlüyünə çevrilib.
Növbəti dövrün əsas sualı Cənubi Qafqazın tranzit region olmaqla kifayətlənib-kifayətlənməyəcəyidir. Tranzit gəlirləri dəyərlidir, lakin məhduddur. Qalıcı qazanc marşrutların üzərində istehsal müəssisələrinin, saxlanma və paylanma mərkəzlərinin, azad ticarət zonalarının və maliyyə xidmətlərinin qurulması ilə əldə edilir. Yükün keçdiyi yerlə əlavə dəyərin yarandığı yerin eyni olması regionun qarşısındakı əsl hədəfdir. Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı Zəngəzur dəhlizi, Orta Dəhliz və enerji əlaqələri vasitəsilə bu transformasiyanı mümkün edə biləcək əsas geoiqtisadi imkanı yaradır.