Aygün Aslanlı: Mükafatların təsis olunması kinematoqrafçıların əməyinin qiymətləndirilməsinə xidmət edir
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının (AKKG) təsis edilməsi ölkənin kino mühitində peşəkar tənqid və kinoşünaslığın inkişafı, sağlam rəqabət mühitinin formalaşdırılması və milli kinematoqrafiyanın keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addımlardan biridir. Gildiyanın əsas məqsədi Azərbaycan kinosunun inkişafına peşəkar və elmi-nəzəri baxımdan töhfə vermək, film istehsalını dəstəkləmək, audiovizual məhsulların bədii keyfiyyətinin yüksəldilməsini stimullaşdırmaq, eləcə də kinotənqid və kinoşünaslıq sahəsində mövcud problemlərin sistemli şəkildə həllinə nail olmaqdır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini, kinotənqidçi Aygün Aslanlı deyib.
O bildirib ki, kinematoqrafiyada inkişafı və təkmilləşməni təmin edən əsas istiqamətlərdən biri filmlərin peşəkar təhlili, elmi yanaşmaların tətbiqi, məntiqi nəticələrin çıxarılması, yeni tendensiyaların və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. Bu mühüm vəzifələr isə bilavasitə kinotənqidçilərin və kinoşünasların üzərinə düşür.
“Gildiyanın qarşıya qoyduğu hədəflərə çatmaq müəyyən zaman tələb edir və artıq bu istiqamətdə konkret addımlar atılır. Bu istiqamətdə ilk fəaliyyətlərdən biri AKKG-nin mükafatlarının təsis edilməsi olub. Mükafatların təsis edilməsinə məhz ona görə başladıq ki, bu, kinematoqrafçılar üçün onların əməyinə verilən dəyərin göstəricisi olsun. Onlar öz işlərinin görüldüyünü və qiymətləndirildiyini, bu sahədə peşəkarların filmlər arasında müqayisə apardığını və sağlam rəqabət mühitinin formalaşdığını hiss etməlidirlər. Çünki rəqabət inkişafın əsas şərtlərindən biridir. Məhz belə bir rəqabət mühiti yaratmaq məqsədilə fəaliyyətimizə mükafatların təsisindən başladıq. İnanırıq ki, bu mühit formalaşdıqca daha çox film çəkiləcək, eyni zamanda onların keyfiyyəti də yüksələcək. Müəlliflər öz filmlərinin daha peşəkar və yüksəkkeyfiyyətli olmasına daha çox diqqət yetirəcəklər”, - deyə Aygün Aslanlı qeyd edib.
Qeyd edək ki, 2025-ci ilin yanvarında ADMİU-nun dosenti Nadir Bədəlov, kinotənqidçilər Aliyə Dadaşova, Aygün Aslanlı, Nəzrin Mahu, İlqar Quliyev, Ülvi Mehdi və Hacı Səfərov, eləcə də kinoşünaslar Toğrul Abbasov, Şəhla Əmirli və Sevinc Elsevər bir araya gələrək Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasını (AKKG) təsis ediblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri Oleq Səfərəliyev və Əli İsa Cabbarovun da iştirak etdiyi görüşdə keçirilən səsvermə nəticəsində Nadir Bədəlov Gildiyanın sədri, kinotənqidçilər Hacı Səfərov və Aygün Aslanlı isə sədr müavinləri seçiliblər.
Müxbir – Gülay Nəzərova