Amin Məmmədov: Mövcud yaşıllıqların qorunması şəhər yaşıllığının davamlı inkişafının əsas istiqamətlərindəndir
Bakı, 18 avqust, AZƏRTAC
Şəhərlərdə yaşıllığın davamlı inkişafında yeni yaşıllıq sahələrinin yaradılması ilə yanaşı, mövcud ağacların və digər bitkilərin qorunması, onlar üçün əlverişli şəraitin yaradılması da mühüm əhəmiyyət daşıyır. Yaşıllıqlara göstərilən mütəmadi qulluq onların şəhər mühitində uzunmüddətli ekoloji və iqlim funksiyalarını davam etdirməsinə imkan verir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini Amin Məmmədov bildirib.
Onun sözlərinə görə, parklar, prospektlər boyunca əkilmiş ağac və kollar, eləcə də məhəllədaxili yaşıllıqlar şəhər mühitinin mühüm elementlərindəndir. Yaşıllıq sahələri şəhərdə temperaturun tənzimlənməsinə, istilik dalğalarının təsirinin yumşaldılmasına və daha əlverişli mühitin formalaşmasına töhfə verir: “Böyük şəhərlərdə yaşıllıq sahələrinin optimal həcminin müəyyənləşdirilməsi zamanı əsas göstəricilərdən biri adambaşına düşən yaşıllıq sahəsinin ölçüsüdür. Beynəlxalq təcrübədə bu göstərici təxminən 8-10 kvadratmetr təşkil edir”.
Amin Məmmədov bildirib ki, yaşıllaşdırma prosesində yeni yaşıllıq sahələrinin yaradılması ilə yanaşı, mövcud yaşıl məkanların qorunması və onların davamlı inkişafının təmin edilməsi vahid yanaşmanın tərkib hissəsidir. “Yaşıllıqların uzunmüddətli inkişafında mütəmadi suvarma, aqrotexniki qulluq və ağacların zəruri hallarda budanması mühüm yer tutur. Məhəllədaxili yaşıllıqlarda sakinlərin, küçə və prospektlərdə isə müvafiq yaşıllaşdırma xidmətlərinin göstərdiyi qulluq yaşıl məkanların inkişafına şərait yaradır”, - deyə o diqqətə çatdırıb.
Mütəxəssis vurğulayıb ki, şəhərlərdə yaşıllıqların davamlılığı üçün bitkilərin seçilməsi zamanı ərazinin təbii-iqlim xüsusiyyətləri də nəzərə alınmalıdır. Suya tələbat, temperatur və külək kimi amillərin nəzərə alınması ağacların və digər bitkilərin şəhər mühitində daha uzunmüddətli inkişafına imkan verir: “Yeni yaşıllıq sahələrinin yaradılması üçün mövcud parkların uyğun ərazilərindən, küçə və prospektlərin kənarlarından, məhəllədaxili məkanlardan və şəhərətrafı ərazilərdən istifadə etmək mümkündür. Bu istiqamətlərdə həyata keçirilən işlər şəhərin yaşıl məkanlarının zənginləşdirilməsinə və ekoloji mühitin daha da yaxşılaşdırılmasına xidmət edir. Beləliklə, şəhər yaşıllığının inkişafı yeni yaşıl məkanların yaradılması ilə yanaşı, artıq formalaşmış yaşıllıqların qorunmasını və onların uzunmüddətli inkişafının təmin edilməsini də əhatə edir. Bu yanaşma yaşıllıqların şəhər mühitində ekoloji və iqlim funksiyalarını davamlı şəkildə yerinə yetirməsinə imkan yaradır”.
Müəllif - Lalə Minasazova