AZƏRBAYCAN UNİVERSİTETİNDƏ JAN-POL SARTRIN 100 İLLİYİ QEYD EDİLMİŞDİR
Milli Məclisin deputatlarının, AMEA institutlarının, müxtəlif universitetlərin nümayəndələrinin, gənc filosofların iştirak etdiyi tədbiri universitetin rektoru, professor Səlahəddin Xəlilov açaraq demişdir ki, bu yubiley təkcə fransızlar tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən qeyd edilir. Jan-Pol Sartr həyata, dünyaya orijinal münasibət bəsləmiş, insan varlığının dərin qatlarını üzə çıxarmağa çalışmışdır. O, həm elmi-fəlsəfi, həm də bədii yaradıcılığında insanı, onun hiss və həyəcanını, yaşadığı duyğu və iztirabları önə çəkmişdir. Bu böyük şəxsiyyətin dünyagörüşü Azərbaycanda da həmişə diqqət mərkəzində olmuşdur.
Dəyirmi masada Bakı Dövlət Universitetinin professoru Fərman İsmayılov, Fransız Mədəniyyəti Mərkəzinin direktoru İv Bertran, AMEA-nın Fəlsəfə və Hüquqi-Siyasi Tədqiqatlar İnstitutunun direktoru Yusif Rüstəmov, həmin institutun əməkdaşları - professorlar Aydın Şirinov, Rəfiqə Əzimova, Asiya Universitetinin rektoru Cəlil Nağıyev, Slavyan Universitetinin professoru Rəhilə Quliyeva, şairə Nuridə Atəşi çıxış etmişlər. Qeyd olunmuşdur ki, Sartr fəlsəfəsinin əsas səciyyəsi ruhun (nəfsin) önə çəkilməsi, insan qəlbinin, şüurunun prioritetliyi, şüurdan kənarda, daha doğrusu, şüurun diqqətinə cəlb olunmaqdan kənarda olanların varlığından danışmağın qeyri-mümkünlüyü, hər şeyin ancaq şüurla təmasda canlanması, var olması ilə müəyyənləşir. Sartr öz təlimini ekzistensionalizm (“ekzistensiya” latın dilində mövcudluq deməkdir) adlandırmışdır.