AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ÇEXİYA MƏTBUATININ GÖZÜ İLƏ
AZƏRTAC xəbər verir ki, Çexiya Respublikasının xarici işlər naziri Karel Şvartsenberqin Bakıya səfərindən sonra bu ölkənin bir sıra nüfuzlu qəzetləri Azərbaycan haqqında maraqlı məqalələr dərc etmişlər.
“Hospodarske noviny” qəzeti yazır ki, Azərbaycan son bir neçə ildə dünyada ən sürətlə inkişaf edən ölkədir. Paytaxt Bakı böyük tikinti meydanını xatırladır. Burada müasir liman, dəniz kənarında lüks mehmanxanalar və digər binalar ucaldılır. Azərbaycan ilə neft müqavilələri bağlamaq istəyənlərin sayı isə günbəgün artır.
Əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı təhlili yazıda bildirilir ki, respublikada yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Hələ bir neçə ilə əvvəl əhalinin 40 faizi yoxsulluq səviyyəsində yaşayırdısa, hazırda bu rəqəm 16 faiz təşkil edir və gələcəkdə həmin göstəricinin daha aşağı olacağı proqnozlaşdırılır. Əhalinin orta aylıq əmək haqqı 500-600 ABŞ dollarıdır. İndi hamı razılaşır ki, insanlar 3-4 il əvvəlkindən daha yaxşı yaşayırlar. Hökumətin infrastruktur və sosial layihələrə milyonlarla dollar vəsait xərcləməsi məqalədə xüsusi qeyd olunmuşdur.
“Lidove noviny” qəzeti isə daha maraqlı faktlar göstərir. Qəzet yazır ki, Çexiyanın yanacaqdoldurma məntəqələrində satılan hər 10 litr benzinin ən azı 1 litri Azərbaycan məhsuludur. Bakıdakı Qərb diplomatlarından birinə istinadla bildirilir ki, Azərbaycan neftinin əhəmiyyəti onun həm də Rusiyanın nəzarəti altında olmamasındadır.
Azərbaycanın siyasi həyatından bəhs olunan məqalədə deyilir ki, Prezident İlham Əliyev yüksək biliyi və Qərbyönümlülüyü ilə seçilən, bir sıra üstün keyfiyyətlərə malik praqmatik siyasətçidir. Azərbaycanda müxalifət qəzetlərinin nəşrində problem yoxdur. Müxalifət partiyaları sərbəst fəaliyyət göstərirlər.
Bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə yer ayıran qəzet yenə də Qərb diplomatlarına istinadla yazır ki, ölkənin Seçki Məcəlləsinə yeni əlavələr edilmiş və bu seçkilər əvvəlkindən daha demokratik keçiriləcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də nəşrin diqqət mərkəzində olmuşdur. Qəzet Ermənistanın uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxladığını, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü və məcburi köçkün həyatı yaşadığını geniş oxucu kütləsinin diqqətinə çatdırmışdır.
Qəzetdə Çexiya Respublikasının xarici işlər naziri K.Şvartsenberqin müsahibəsi də dərc olunmuşdur. Nazir müsahibəsində demişdir ki, Çexiya Cənubi Qafqazda sülhün tərəfdarıdır və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Nazir, həmçinin bildirmişdir ki, Çexiya Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın onun bir hissəsi olduğunu təsdiqləyir.
“Lidove noviny” qəzetinin həmin nömrəsində Ermənistan haqqında da yazı dərc olunmuşdur. Materialda deyilir ki, Ermənistanda dəhşətli vəziyyət yaranmışdır, ölkə əhalisinin 60 faizi işsizdir. Fəaliyyət göstərən müəssisələr yerli və rus oliqarxları arasında bölüşdürülmüşdür. Əhalinin üçdəbiri ölkəni tərk etmişdir. Ermənistan xarici qüvvələrin köməyi ilə işğal etdiyi Dağlıq Qarabağ amilinin əsirinə çevrilmişdir.
Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı müxalifət liderlərindən biri, sabiq prezident Levon Ter-Petrosyan dövründə milli təhlükəsizlik naziri vəzifəsində işləmiş David Şahnazaryana istinadla bildirilir ki, seçkilərin nəticələrinin saxtalaşdırılmasında bütün vasitələrdən istifadə edilmişdir. Yüz minlərlə narazı insan buna etiraz əlaməti olaraq Yerevanın küçələrinə çıxmışdır. Lakin Koçaryan və Sarkisyan rejimi onlara qarşı silahlı qüvvə çıxarmış, martın ilk günündə meydanlarda ən azı 8 meyit qalmışdır. Yüksək vəzifəli hökumət işçisi etiraf etmişdir ki, bu, təkcə Ermənistanda deyil, həmçinin bütün dünyadakı erməniləri şoka salmışdır.
Məqalə müəllifi yazır ki, əhalinin ölkəni tərk etməsi bir növ Ermənistanda saatın dayanması təsəvvürünü yaradır. Dağılmış keçidlər, illərin köhnəltdiyi binalar, işləməyən fəvvarələr, işıqlandırılmayan küçələr bugünkü Yerevanın simasıdır.
Ermənistanın konyakla bərabər ixrac etdiyi digər məhsil Atom Elektrik Stansiyasında istehsal olunan enerjidir. Lakin bu stansiya Çernobıl tiplidir və tezliklə bağlanacaqdır.