Azərbaycan və Özbəkistan elmi müəssisələrinin təcrübə mübadiləsi məsələsi müzakirə olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti oktyabrın 28-də AMEA-nın İqtisadiyyat İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib.
İnstitutun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli rəhbərlik etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətləri, fundamental araşdırmaları, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərinin yaxşılaşdırılması üzrə aparılan elmi-tədqiqatlar haqqında qonaqlara məlumat verib. Qarabağın iqtisadiyyatının yenidən qurulması sahəsində hökumətin həyata keçirdiyi böyük bərpa işləri və bu prosesdə öz sahəsi üzrə İqtisadiyyat İnstitutunun ekspertlərinin yaxından iştirakı barədə danışıb.
Görüşdə iki ölkənin elmi müəssisələrinin və tədqiqat mərkəzlərinin əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi imkanları, təcrübə mübadiləsi məsələləri müzakirə olunub.