Azərbaycan və Özbəkistan Hesablama palataları arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 11 mart, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir.
Palatadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Özbəkistan Ali Audit Orqanının sədri vəzifəsini icra edən Mehriddin Abdullayev arasında rəsmi görüş keçirilib.
Görüş zamanı dövlət auditi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Hesablama Palatası ilə Özbəkistan Respublikası Hesablama Palatası arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanmış sənəd kənar dövlət auditi metodologiyası və prosedurları üzrə təcrübə mübadiləsinin həyata keçirilməsini, institusional potensialın gücləndirilməsini, eləcə də əməkdaşların peşəkar inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Tərəflər sənədin iki qurum arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına, qabaqcıl audit təcrübələrinin paylaşılmasına və audit fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Görüş çərçivəsində hər iki qurumun nümayəndələri tərəfindən müxtəlif mövzular üzrə təqdimatlar edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Hesablama Palatasının nümayəndə heyəti tərəfindən qurumun fəaliyyəti barədə ümumi məlumat təqdim olunub, Palatanın beynəlxalq fəaliyyəti, kənar dövlət maliyyə nəzarəti sahəsində görülmüş işlər, eləcə də rəylərin verilməsi üzrə mövcud təcrübə haqqında ətraflı məlumat verilib.
Özbəkistan tərəfi isə öz növbəsində qurumda həyata keçirilən rəqəmsal transformasiya prosesləri və məsafədən idarəetmə imkanları, dövlət büdcəsinin gəlir və xərclərinin auditi və monitorinqi mexanizmləri, həmçinin Özbəkistan Hesablama Palatasının fəaliyyətində ISSAI standartlarının tətbiqi mövzularında təqdimatlarla çıxış edib.
Görüş qarşılıqlı sual-cavab və müzakirələrlə davam edib.
Səfər çərçivəsində Hesablama Palatasının nümayəndə heyəti Özbəkistan Hesablama Palatasının Məsafədən İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.