Azərbaycan və Qazaxıstan kosmik sahədə birgə layihələr həyata keçirəcək
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan və Qazaxıstan mütəxəssisləri kosmik sahədə birgə layihələr həyata keçirəcəklər.
Bu barədə Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC-də Qazaxıstanın “Qarış Saparı” şirkətinin nümayəndələri ilə keçirilən ikitərəfli görüşdə danışılıb.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Yer səthinin məsafədən müşahidə peyki “Azersky”ın imkanlarından birgə istifadəyə dair müzakirələr aparılıb. Şirkətin nümayəndələrinə “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və Azərbaycanın 2017-ci ildə orbitə çıxaracağı ikinci telekommunikasiya peyki haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “Qarış Saparı” şirkəti Qazaxıstan Respublikasının dövlət başçısının Sərəncamına əsasən 2005-ci ildə kosmik sahənin inkişaf etdirilməsi, bu sahədə kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb. Eyni zamanda, kosmik layihələr üçün texniki avadanlıq istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyətinə aiddir.