Azərbaycan və Qırğızıstan arasında dərinləşən əməkdaşlıq regionlararası inteqrasiyanı gücləndirir ŞƏRH
Bakı, 1 avqust, AZƏRTAC
Qlobal siyasi sistemdə baş verən transformasiyalar fonunda beynəlxalq münasibətlərin mahiyyəti də dəyişir. Əgər əvvəlki dövrlərdə strateji müttəfiqlik əsasən təhlükəsizlik, hərbi əməkdaşlıq və qarşılıqlı siyasi dəstək üzərində qurulurdusa, müasir geosiyasi reallıq bu anlayışa tamamilə yeni məzmun qazandırıb. Bu gün strateji müttəfiqlik təkcə ikitərəfli münasibətlərin forması deyil, həm də regional və qlobal güc balansına təsir göstərən geosiyasi alətə çevrilib. Dövlətlər milli maraqları ilə yanaşı, mənsub olduqları regionların siyasi və geoiqtisadi arxitekturasını da birlikdə formalaşdırmağa çalışırlar. Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər də məhz bu yeni geosiyasi yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva deyib.
"Türk Dövlətləri Təşkilatının institusional güclənməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni siyasi inteqrasiya xətti yaradıb. Bu prosesdə Azərbaycan təşəbbüskar və əlaqələndirici dövlət kimi çıxış edərək ortaq siyasi gündəmin formalaşmasına, regional əməkdaşlıq mexanizmlərinin institusionallaşmasına və Türk dünyasının geosiyasi subyekt kimi möhkəmlənməsinə mühüm töhfə verir.
Bu baxımdan, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında həyata keçirilən layihələrə yalnız iqtisadi təşəbbüslər kimi yanaşmaq düzgün olmazdı. Orta Dəhliz, nəqliyyat-kommunikasiya xətləri, enerji marşrutları və qarşılıqlı investisiya layihələri artıq geoiqtisadi olmaqla yanaşı, ciddi geosiyasi məzmun daşıyır. Bu layihələr Avrasiyada yeni güc mərkəzlərinin formalaşmasına, tranzit marşrutlarının diversifikasiyasına və region dövlətlərinin qlobal qərarvermə proseslərində rolunun artmasına xidmət edir. Azərbaycanın bu prosesdə oynadığı rol isə onu təkcə tranzit ölkə deyil, həm də siyasi koordinasiya mərkəzlərindən birinə çevirir",- deyə Y. Hacıyeva vurğulayıb.
Politoloq əlavə edib ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin bugünkü mərhələsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. Qarşılıqlı investisiyaların təşviqi, iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri üzrə koordinasiya və beynəlxalq platformalarda siyasi mövqelərin uzlaşdırılması ikitərəfli münasibətləri klassik əməkdaşlıq modelindən çıxararaq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bu əməkdaşlıq yalnız iki dövlətin maraqlarına xidmət etmir, eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geosiyasi məkanın formalaşmasına töhfə verir.
Digər mühüm məqam ondan ibarətdir ki, siyasi sabitlik artıq təkcə hərbi təhlükəsizlik amili ilə müəyyən olunmur. Müasir beynəlxalq münasibətlərdə iqtisadi qarşılıqlı asılılıq regional sabitliyin əsas təminatçılarından biri hesab edilir. Azərbaycan və Qırğızıstan arasında dərinləşən əməkdaşlıq regionlararası inteqrasiyanı gücləndirir, siyasi etimadı artırır və xarici aktorların destruktiv təsir imkanlarını məhdudlaşdırır. Bu isə həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda daha dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir.