“Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda tədbir keçirilib
Bakı, 28 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda seminar keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tariximizin şanlı səhifələrindən olduğunu vurğulayıblar. Bildirilib ki, mövcud olduğu 23 aylıq müddətdə Cümhuriyyətin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, nizami ordunun yaradılması və digər sahələrdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpasında böyük rol oynayıb.
Çıxışlarda qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dərindən tədqiq olunması və onun fəaliyyətinin geniş təbliği istiqamətində görülən işlər sistemli və genişmiqyaslı xarakter alıb. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də Cümhuriyyət irsinin, onun mütərəqqi dəyərlərinin öyrənilməsinə və təbliğinə xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinin geniş qeyd olunması, eləcə də 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncamları Cümhuriyyətin fəaliyyətinə göstərilən yüksək ehtiramın bariz göstəricisidir. Dövlətimizin başçısının sərəncamlarına əsasən Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikamızla yanaşı, müxtəlif ölkələrdə də geniş qeyd olunur.
Açılış çıxışlarından sonra Azərbaycan Xalq Cümhuriyyəti və onun hüquqi varisi olan Azərbaycan Respublikasında dövlət-din münasibətləri və bu istiqamətdə həyata keçirilən siyasət nəticəsində qazanılan nailiyyətlər barədə məruzə dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.