Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı atlası yaradılır
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialı atlası yaradılır.
AZƏRTAC xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təşkili məqsədilə bu Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin tərkib hissəsi olan Azərbaycan Respublikasının bərpa olunan enerji mənbələrinin potensialı atlası yaradılır. Atlasda ilkin qiymətləndirmə əsasında bərpa olunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələri (su obyektləri), onların hər birinin bərpa olunan enerji mənbəyi kimi potensialı, sərhədlərinin hüdudları və digər xüsusiyyətləri barədə aktual məlumatlar əks olunur. Atlasın formalaşdırılması və aktuallığının təmin olunması üçün tələb olunan dövlət torpaq, su, meşə və sair kadastrlarının, habelə digər dövlət informasiya ehtiyatlarının məlumatları atlası aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) əvəzsiz olaraq təqdim edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan atlasa barəsində məlumatlar daxil edilmiş torpaq sahələrinin (su obyektlərinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunması məqsədilə əsaslandırılmış təkliflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edə bilər. Bu Qanunun 6.3-cü maddəsində göstərilən təklif aşağıdakıları əhatə etməlidir:
- torpaq sahəsi (su obyekti) barədə atlasa daxil edilmiş məlumatların məcmusu;
- torpaq sahəsinin (su obyektinin) yerləşdiyi yer, ölçüləri və sərhədlərini göstərən yerquruluşu xəritəsi;
- torpaq sahəsi (su obyekti) üzərində bərpa olunan enerji potensialına dair aparılmış qiymətləndirmənin nəticələri;
- su obyektinin Azərbaycan Respublikasının Su Məcəlləsinə əsasən hidroenergetika ehtiyacları üçün istifadəsi imkanlarının qiymətləndirilməsinin nəticələri;
- torpaq sahəsində (su obyektində) tikiləcək elektrik stansiyasının elektrik şəbəkəsinə qoşulmasının mümkünlüyünün dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin iştirakı ilə aparılmış qiymətləndirilməsinin nəticələri;
- torpaq sahəsinin (su obyektinin) mülkiyyət növü və kateqoriyaları barədə məlumat, həmin ərazidə yaşayan şəxslərin ilkin hesablanmış sayı, torpaq sahəsi (su obyekti), o cümlədən həmin torpaq sahəsində yerləşən tikinti obyektləri üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslərin sayı, habelə torpaq sahəsinin (su obyektinin) elektrik enerjisi istehsalı məqsədləri üçün istifadəsi nəticəsində onların məruz qalacaqları itki və məhrumiyyətlərin növü və xüsusiyyətləri barədə məlumatlar;
- torpaq sahəsi (su obyekti) üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslərin həmin torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsinə, torpaq sahəsindən (su obyektindən) elektrik enerjisi istehsalı məqsədləri üçün istifadə edilməsinə, torpaq sahəsi (su obyekti) üzərində olan hüquqlarının ötürülməsi şərtlərinə dair ilkin razılığı.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan bu Qanunun 6.3-cü və 6.4-cü maddələrinə uyğun olaraq təqdim edilmiş təklifin və ya onun ayrı-ayrı aspektlərinin qiymətləndirilməsi məqsədi ilə həmin təklifi dövlət orqan və qurumlarına, müvafiq bələdiyyələrə göndərə bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan bu Qanunun 6.3-cü və 6.4-cü maddələrinə uyğun olaraq təqdim edilmiş təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərar qəbul edə bilər. Həmin qərara torpaq sahəsinin (su obyektinin) yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur.
Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarda torpaq sahəsinin (su obyektinin) elektrik enerjisinin istehsalı məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq elektrik stansiyasının tikintisinə icazə alınması üçün 2 ildən artıq olmayan müddət müəyyən olunur. Müəyyən edilmiş müddət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən 1 ildən çox olmamaqla uzadıla bilər.