Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 12 faizə yaxın artıb
Bakı, 23 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin iyul ayı ərzində 27 min 065 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz çoxdur.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, aylıq göstəricinin 6311-i (23,3 faizi) ilkin, 20 min 754-ü (76,7 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində ilkin qeydiyyat 26,8 faiz artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3994-ü fərdi yaşayış və bağ evi, 7790-ı mənzil, 14 min 448-i torpaq sahəsi, 252-si qeyri-yaşayış binası, 520-si qeyri-yaşayış sahəsi, 59-u əmlak kompleksi, 2-si çoxmərtəbəli yaşayış binasıdır.
Cari ilin iyul ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 27,6 faizi Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.