AZƏRBAYCANDA DƏMİR YOLUNU TƏKMİLLƏŞDİRMƏ LAYİHƏSİ TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyulun 31-də “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Koreya Respublikası Dəmir Yol Şəbəkəsi Konsorsiumunun mütəxəssisləri tərəfindən hazırlanmış Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) sahəsində qatarların hərəkətinin sürətləndirilməsi layihəsi Azərbaycan tərəfinə təqdim edilmişdir.
Layihə haqqında Koreya Respublikasının “Chungsuk Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Şin Te Qyun məlumat vermişdir. Bildirmişdir ki, sənədi ölkənin Torpaq, Nəqliyyat və Dəniz İşləri Nazirliyinin dəstəyi ilə Dəmir Yol Şəbəkəsi, “Chungsuk Engineering Co. Ltd.”, “Pyunghwa Engineering Co. Ltd.” və “Seoyeong Engineering Co. Ltd.” şirkətlərinin yaratdığı Konsorsium tərtib etmişdir. 2006-cı ilin dekabrından tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən təklifin 3 variantının hazırlanmış, 2007-ci ilin mayında sürətli dəmir yolu əməkdaşlığı ilə əlaqədar Anlaşma Memorandumu imzalanmış, ötən müddət ərzində layihə ilə bağlı müvafiq tədqiqatlar aparılmışdır. Ümumi uzunluğu 503 kilometr olan Bakı-Böyük Kəsik dəmir yolu xəttinin yenidən qurulması ilə bağlı layihənin həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaitinin 80 faizinin Koreya, 20 faizinin isə Azərbaycan tərəfindən ödənilməsi təklif edilir. Layihənin icra müddəti 6 il müəyyənləşdirilmişdir.
Azərbaycan Dövlət Dəmir Yolunun baş mühəndisi Qurban Nəzirov və digər mütəxəssislər sənədin tam hazırlanması üçün əlavə araşdırmaların aparılmasına ehtiyac duyulduğunu bildirmiş, icra ilə bağlı maliyyə mənbəyi və xüsusi komitənin yaradılması barədə təkliflər Azərbaycan hökuməti tərəfindən təsdiq edildikdən sonra dəqiqləşdirmə işlərinin aparılmasının vacibliyini vurğulamışlar.
Layihənin Azərbaycan Nəqliyyat Nazirliyinə təqdim edilməsi məqsədəuyğun sayılmışdır.