Azərbaycanda dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilir
Bakı, 22 avqust (AZƏRTAC). Azərbaycanda əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilmişdir. Bununla əlaqədar apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində demişdir.
Nazir qeyd etmişdir ki, indiyədək qanunsuz fəaliyyət göstərən və ya müvafiq tələblərə cavab verməyən 400-dək aptekin fəaliyyəti dayandırılmışdır. Reydlər zamanı istifadəyə yararsız 100 min qutuya yaxın dərman preparatları aşkar olunaraq müsadirə edilmiş və müvafiq qaydada məhv edilmişdir.
Nazirin sözlərinə görə, hazırda respublika üzrə 500-dək özəl tibb müəssisəsi və kabineti, eləcə də 900-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. Son 10 ildə qeydiyyatsız dərmanların ölkəmizə gətirilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görülmüşdür. Bu günədək 4 min 531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınmış və dərman vasitələrinin dövlət reyestrinə daxil edilmişdir.