AZƏRBAYCANDA DÖVLƏT QADIN SİYASƏTİ ARDICIL DAVAM ETDİRİLİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan qadınlarının III qurultayına hazırlıqla bağlı iyulun 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin birgə təşəbbüsü ilə rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan qadınlarla “Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi” mövzusunda dəyirmi masa keçirmişdir.
Son illər respublikada gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Komitənin sədri Hicran Hüseynova bildirmişdir ki, hazırda 20 nazirlikdə, 10 dövlət komitəsində və ölkənin bir çox rayonlarında gender məsələləri ilə məşğul olan şəxslər vardır. Artıq 29 rayonda İcra Hakimiyyəti başçısının müavini qadındır və bu təcrübə davam etdirilir. Qadınların ictimai-siyasi fəallığını artırmaq, maarifləndirmə proqramlarına qoşulmaq və onları yerlərdə gücləndirmək vacib məsələdir.
Bu gün cəmiyyətimizdə müzakirə obyektinə çevrilən bir sıra məsələlərdən - məişət zorakılığı, təhsildən yayınma, erkən nikah, qadınlar tərəfindən törədilən cinayətlər və s. problemlər barədə danışan H.Hüseynova 2008-ci ilin 6 ayı ərzində qadınlar tərəfindən 954 cinayət əməlinin törədildiyini bildirmişdir. O, yerlərdə bu istiqamətdə təhlil aparılmasının və tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırmışdır.
Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov qeyd etmişdir ki, Azərbaycanda qadınların həyatın müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi xətti qadınların rolunun yüksəldilməsinə daim böyük diqqət yetirmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bir istiqamətdə dövlət siyasəti ardıcıl surətdə davam etdirilir. R.Həşimov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyətini yüksək qiymətləndirmişdir.
Tədbirdə dövlət qadın siyasətinin həyata keçirilməsi və bu istiqamətdə aparılan işlər, problemlər, perspektivlər müzakirə edilmişdir. Qeyd edilmişdir ki, qarşıdan Prezident seçkiləri gəlir. Seçicilərin çox hissəsini təkil edən qadınlar ictimai-siyasi fəallıqlarını artırmalıdırlar.
######
