AZƏRBAYCANDA DÖVLƏT QURUCULUĞU PROSESİNDƏ QADINLARIN ROLU MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Azərbaycanda dövlət quruculuğu və hüquqi islahatlar qadınların gözü ilə” mövzusunda dəyirmi masa keçirmişdir. Tədbirdə Milli Məclisin deputatları, dövlət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak etmişlər. Milli Qurtuluş gününün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan komitə sədri Hicran Hüseynova bildirmişdir ki, məhz ulu öndərin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının müasir tələblərə cavab verən Konstitusiyası qəbul edilmişdir. Əsas Qanun ölkəmizdə geniş miqyaslı hüquqi islahatlara və dövlət quruculuğuna güclü təkan vermişdir. Konstitusiyada qadın və kişilərin hüquq bərabərliyi ilə bağlı müddəalar hərtərəfli müəyyən edilmişdir. Ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş əsas prinsiplər bu gün uğurla həyata keçirilir. Görülən işlər nəticəsində qadınların cəmiyyətdə layiqli yer tutması, ailələrin rifahının yüksəldilməsi, uşaq hüquqlarının təmin edilməsi üçün hər cür şərait yaradılmışdır.
Milli Məclisin deputatı Gültəkin Hacıyeva, təhsil nazirinin müavini İradə Hüseynova və digər natiqlər ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tarixi missiyanı təhlil edərkən Azərbaycanda davamlı və dönməz ictimai-siyasi sabitliyin yaradılmasını, əmin-amanlığın təmin edilməsini xüsusi vurğulamışlar. Bildirilmişdir ki, bütün bunlar ölkədə sosial, iqtisadi, hüquqi islahatların aparılması və mədəni quruculuq üçün əlverişli şərait yaratmışdır.
Tədbirdə Azərbaycanda dövlət quruculuğu və hüquqi islahatlarla bağlı fikir mübadiləsi aparılmış, bu prosesdə qadınların iştirakı müzakirə olunmuşdur.
######
