REGİONLAR
Azərbaycanda ilk dəfə cins heyvanlar hərracda satılıb
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Qobustanda müasir heyvandarlıq kompleksi istifadəyə verilib. Yeni kompleksdə Azərbaycanda ilk dəfə cins heyvanlar hərrac vasitəsilə satışa çıxarılıb.
Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, nazirliyin tabeli qurumlarının rəhbərləri, heyvandarlıq təsərrüfatı ilə məşğul olan fermerlər və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, kompleksin fəaliyyətinin məqsədi xarici cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.
Heyvandarlıq kompleksi sərgi salonundan, hərrac mərkəzindən, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və digər funksional və yardımçı binalardan ibarətdir. Ümumilikdə, 8 hektara yaxın ərazidə inşa edilən kompleksdə fəaliyyət göstərən, müasir avadanlıqlarla təchiz edilmiş fermalarda 100 baş iribuynuzlu və 400 baş kiçikbuynuzlu heyvanın saxlanması nəzərdə tutulur. Hər bir ferma üçün yardımçı tikililər zəruri texniki avadanlıqla təchiz olunub. Heyvanlara xüsusi baytar və zootexniklər vasitəsilə qulluq edilərək tibbi müayinədən keçiriləcək. Heyvanlar haqqında məlumatlar mərkəzi serverdə toplanacaq və mütəmadi izlənəcək.
Sərgi salonuna gələn ziyarətçilər videoçarx və satış nümayəndələri vasitəsilə ölkədə və Avropada satışda olan heyvanların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat əldə edə biləcəklər.
Bundan başqa, həftə ərzində sərgi salonunda satışda olan damazlıq heyvanların virtual nümayişi mütəmadi olaraq həyata keçiriləcək. Həmçinin kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığrotalanması üçün sığorta şirkətləri fəaliyyət göstərəcək.
Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin olunub.
Kompleksin məntəqələrindən biri də hərrac mərkəzidir. Burada satışa çıxarılan heyvanlar hərrac səhnəsində nümayiş olunacaq. Heyvanlar haqqında canlı və interaktiv məlumat veriləcək. Mərkəzdə, həmçinin hərrac formatına uyğun heyvan satışı həyata keçiriləcək. Heyvanın satışı son qiymətə uyğun rəsmiləşdirilir və sığorta şirkəti tərəfindən sığortalanır. Hərracların həftədə bir dəfə keçirilməsi nəzərdə tutulub. Hərraca yerli damazlıq təsərrüfatlarda yetişdirilən heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da çıxarılacaq. Gələcəkdə Avropada keçirilən damazlıq heyvan hərraclarının birbaşa interaktiv formatda təşkil olunması ilə bağlı işlər görüləcək.
Kompleksdə Azərbaycanda ilk dəfə heyvanlar satışa çıxarılıb və hərracda fermerlərə satılıb.