Azərbaycanda İnformasiya və rabitə xidmətlərinin həcmi 10,8 faiz artıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun 2 faizi informasiya və rabitə sahəsinin payına düşür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən 8 ayda ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 36 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Əlavə dəyərin 34,6 faizi sənayedə, 6,3 faizi kənd təsərrüfatında, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2 faizi informasiya və rabitə, 17,2 faizi isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil edib.
Bu dövrdə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal olunub.
Statistikaya görə, yanvar-avqust aylarında informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə 1077 milyon manatlıq xidmət göstərilib. Bunun da 72,6 faizi əhali sektoruna aid olub. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,8 faiz artıb, bu sahədə əldə edilən gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşür.