Azərbaycanda İtaliya mədəniyyətinə və tarixinə böyük maraq göstərilir
Bakı, 1 may, AZƏRTAC
Mayın 3-dən 6-dək Azərbaycanın Mədəniyyət Nazirliyi, İtaliyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə Bakıda İtaliya Opera Günləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar mayın 1-də İtaliyanın ölkəmizdəki səfirinin iqamətgahında səfir Auqusto Massari jurnalistlərlə görüşüb.
Auqusto Massari bu maraqlı maarifləndirici layihənin - İtaliya Opera Günlərinin təşkilatçılarına minnətdarlığını bildirib. Diplomat deyib: “Azərbaycanda İtaliya mədəniyyətinə və tarixinə böyük maraq göstərilir ki, bu da məni sevindirməyə bilməz. Bu, ölkələrimizi daha da yaxınlaşdırır. Əminəm ki, bu birgə layihə böyük uğur qazanacaq. Mayın 3-dən 6-dək paytaxt sakinləri və qonaqlar İtaliya operasının “Madam Batterflay” və “Sevilya bərbəri” kimi incilərinə tamaşa edəcəklər”.
Səfir, həmçinin qeyd edib ki, bu il məşhur italyan bəstəkarı Coakkino Rossininin vəfatının 150 ili tamam olur. İtaliya Opera Günləri çərçivəsində Opera və Balet Teatrında təkcə musiqi əsərləri səsləndirilməyəcək, həm də rəsm sərgisi açılacaq. Sərginin təşkilatçısı “Cara Italia, Alfin di Miro” Roma Opera Teatrıdır. Ekspozisiyada, həmçinin tanınmış rəssam Corcio de Kirikonun əsərləri və antik italyan səhnə geyimləri nümayiş etdiriləcək. Sərgi mayın 3-dən 20-dək davam edəcək.
Mayın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında tanınmış italiyalı orqan ifaçısı, “I Pomeriggi Musicali” orkestrinin bədii rəhbəri Mauritsio Salernonun konserti olacaq. O, ABŞ, Cənubi Amerika, Rusiya və Avstraliyada konsertlərlə çıxış edib.
Sonra səfir Auqusto Massari KİV nümayəndələrinin suallarını cavablandırıb.