Azərbaycanda peyvənd planı hər il təxminən 96-98 faiz yerinə yetirilir
Bakı, 23 avqust (AZƏRTAC). Hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəlikdən qorunması üçün 10 xəstəliyə qarşı peyvənd edilir. Yaxın vaxtlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin aparılması planlaşdırılır. Dörd yoluxucu xəstəliyə qarşı peyvənd məhz son 10 ildə tətbiq edilmişdir. Respublika üzrə peyvənd planı hər il təxminən 96-98 faiz yerinə yetirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, ölkəmizdə aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bu xəstəlikdən azad diyara çevrilmiş və həmin statusu etibarlı surətdə saxlamaqdadır.
Nazirin sözlərinə görə, xüsusi profilaktika vasitələri ilə idarə olunan digər xəstəliklər üzrə də respublikamızda yüksək nailiyyətlər qazanılmışdır. 2003-cü ildə ölkədə 1955 qızılca, 1051 məxmərək hadisəsi olduğu halda, 2008-ci ildən indiyədək bu xəstəliklər qeydə alınmamışdır. Difteriya xəstəliyi isə 2010-cu ildən qeydə alınmır. Son illərdə ölkəmizdə malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Hazırda bu xəstəliklə yoluxma hallarına nadir hallarda təsadüf edilir.