AZƏRBAYCANDA “QUŞ QRİPİ”NİN TÖRƏDİCİSİ AŞKAR EDİLMƏMİŞDİR
“Quş qripi” xəstəliyi ilə bağlı noyabrın 3-dən ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 26 çöl quşunun patoloji materialı, eləcə də ayrı-ayrı həyətyanı və quşçuluq təsərrüfatlarından gətirilən 1403 ev quşunun qan nümunələri respublika baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müayinə edilmiş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməmişdir.
Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılmış növbəti monitorinqdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssisləri və əməkdaşları da iştirak etmişlər. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara rast gəlinməmişdir.
Dövlət Baytarlıq Xidməti əhalinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev quşları qapalı şəraitdə saxlanmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması, onlardan qida məhsulu kimi istifadə olunmasına qoyulan qadağa qüvvədədir.
Ölkədə epizootik vəziyyət sabitdir. Əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.