Azərbaycanda rəqəmli televiziya yayımına keçid tam təmin edilib
Bakı, 14 iyul, AZƏRTAC
Radio və televiziya yayımı infrastrukturunun inkişafında ölkəmiz bu sahədə əsas vəzifəni - rəqəmli televiziya yayımına keçidi tam təmin edib və Beynəlxalq Telekommunikasiya İttifaqının bu uğura imza atan 50 ölkəsi sırasına daxil olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Nazir qeyd edib ki, indi biz Milli Televiziya və Radio Şurası ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri onlara ayırmalıyıq. Ümumiyyətlə, ölkəmizdə radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir. Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərindən və internet radio və televiziyalar vasitəsilə əhalinin təkcə Azərbaycanın yox, həmçinin yüzlərlə xarici ölkənin teleproqramlarına çıxışı təmin olunub.
Ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilib. İndi ölkəmizin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa sistem müdaxilənin parametrlərini, o cümlədən daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları müvafiq təşkilatlara çatdırır.