AZƏRBAYCANDA SENZURANIN LƏĞVİNDƏN 10 İL KEÇİR
AZƏRTAC xəbər verir ki, 10 il əvvəl avqustun 6-da Azərbaycanda senzura ləğv edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ölkədə demokratiyanın inkişafını sürətləndirən mühüm tədbirlərdən biri olmuşdur.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə nəinki senzuranı ləğv etmiş, həm də azad mətbuatın qarantı olmuşdur. Ümummilli lider Azərbaycan mətbuatının problemləri ilə bağlı ondan çox Fərman və Sərəncam imzalamışdır. Həmin sənədlər ölkəmizdə mətbuatın ictimai mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına güclü təkan vermişdir. Bu inkişafı çox dəqiq xarakterizə edən ulu öndər hələ 2001-ci ildə ona “Jurnalistlərin dostu” mükafatının təqdimat mərasimində demişdir: “Azərbaycanın böyük tarixi var. Bu tarixə nəzər salanda görürük ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır”. Bu, həqiqət olmaqla bərabər, ilk növbədə, böyük şəxsiyyətin mətbuatımızın inkişafı üçün gördüyü işlərin bəhrəsidir. Hazırda Azərbaycan mətbuatı hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesində demokratiyanın mühüm amili kimi çıxış edir.
İndi ölkədə 3 min 500-dən çox kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınmışdır. Onların əksəriyyəti qəzet və jurnal, 30-dan çoxu informasiya agentliyi, 44-ü elektron kütləvi informasiya vasitəsidir. Azərbaycanda 7 ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası və 11 radiostansiya fəaliyyət göstərir.
Mətbuatın səmərəli fəaliyyəti üçün yaradılmış demokratk şərait Azərbaycanda yeni informasiya mühitinin formalaşdığını təsdiq edir. Bu mühiti şərtləndirən əsas amillər isə ölkənin sürətli sosial- iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsidir. Azərbaycan jurnalistləri bu günlərdə ölkəmizdə fikir, söz və mətbuat azadlığının inkişafına dövlət qayğısının gücləndirilməsi sahəsində daha bir mühüm addımın şahidi olmuşlar. Prezident İlham Əliyev iyulun 31-də kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi və kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamlar imzalamışdır. Bu sərəncamlar ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, demokratik cəmiyyət quruculuğunda rolunun artırılması sahəsində müəyyənləşdirdiyi siyasətin yeni mərhələdə uğurla davam etdirildiyinin əyani təzahürüdür.