Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri müzakirə olunur
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Bakıda “Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Rusiya Coğrafiyaçı İctimaiyyətçiləri Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır (DİA).
Mayın 14-dək davam edəcək tədbirdə Türkiyə, Rusiya, Polşa, Fransa, Serbiya və Çindən 50-dək alim və mütəxəssis iştirak edir.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycan və Rusiyanın müasir geopolitik, geoiqtisadi, geodemoqrafik və geomədəni proseslərdəki durumunu araşdırmaq, ictimai coğrafiyanın inkişaf amillərini və prioritetlərini müəyyənləşdirmək, bu istiqamətdə təkliflərin hazırlanması barədə müzakirələr aparmaqdır.
Akademik iki ölkənin coğrafiyaçıları arasında elmi əlaqələrin hələ SSRİ dövründə formalaşdığını, uzun illər birgə tədqiqatlar nəticəsində mühüm nəticələrin əldə olunduğunu söyləyib. Tarixən Azərbaycan elminin inkişafında Rusiya faktının mühüm rol oynadığını deyən R.Məmmədov bu gün iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə əlaqələrin güclü olduğunu və artan xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra Rusiya Coğrafiyaçı İctimaiyyətçiləri Assosiasiyasının prezidenti, Cənub Federal Universitetinin İqtisadi və Sosial Problemlər Şimali Qafqaz Elmi-Tədqiqat İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, professor Aleksandr Drujinin iki ölkədə ictimai coğrafiyanın inkişaf amillərindən danışıb.
Daha sonra Çin Elmlər Akademiyasının Nankin Coğrafiya və Limnologiya İnstitutunun professoru Dong Yaven, Serbiya Coğrafiya Cəmiyyətinin sədri, coğrafiya elmləri doktoru Rayko Qnyato, DİA-nın kafedra müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov, Türkiyənin Egey Universitetinin əməkdaşı, coğrafiya elmləri doktoru Aydın İbrahimov və başqaları çıxış edərək konfransın əhəmiyyətinə toxunub, tədbirin iki ölkənin coğrafiyaçı alimlərinin elmi əlaqələrinin möhkəmləndirilməsinə və birgə tədqiqatların aparılmasına təkan verəcəyini söyləyiblər.
Konfrans bölmə iclasları ilə işini davam etdirib.
İclaslarda “Xəzər dənizi regionunda əməkdaşlığın inkişaf perspektivləri”, “Azərbaycan əhalisinin ərzaq məhsullarının təhlükəsizliyində aqroiqlim resurslarından istifadənin perspektivləri”, “Rusiya Federasiyasının və türk dünyası dövlətlərinin geosiyasi məkanı: coğrafi, sosial-iqtisadi və mədəni aspekt”, “Azərbaycanda əhalinin təbii artımı: iqtisadi və sosial-coğrafi problemlərin tənzimlənməsi” və digər mövzularda məruzələr dinlənilib.