AZƏRBAYCANDAKI MACARLAR BARƏSİNDƏ NADİR MƏLUMATLAR MACARISTANA VERİLMİŞDİR
Səfir Həsən Həsənov Azərbaycanın tarixindən və bugünkü uğurlarından, ümummilli lider Heydər Əliyevin böyük xidmətlərindən, Prezident İlham Əliyevin apardığı geniş iqtisadi islahatlardan söhbət açmışdır. O, ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində xüsusi dayanmış, onun tarixi, ölkəmiz üçün ağır nəticələri və bütövlükdə erməni terrorizmi barədə ətraflı məlumat vermişdir.
Səfir vaxtilə Bakıda çıxan “Kaspi” qəzetinin 1918-ci il 29 sentyabr tarixli nömrəsini muzeyə təqdim etmişdir. Qəzetdə Birinci Dünya müharibəsindən sonra Azərbaycan ərazisində yerləşdirilmiş macar hərbi əsirləri barədə rus, alman və macar dillərində məlumat dərc olunmuşdur.
1918-ci ilin sentyabrında Bakı bolşevik-daşnak silahlı dəstələrindən azad ediləndən sonra Azərbaycan hökuməti macar hərbi əsirləri azadlığa buraxmaq haqqında qərar qəbul etmişdi. Qəzetdə dərc olunmuş müraciətdə deyilirdi ki, onlar öz evlərinə qayıda bilərlər.
Muzeyin direktoruna İkinci Dünya müharibəsindən sonra Gəncə yaxınlığına, Xanlar rayonunun Qırıxlı kəndinə gətirilmiş və burada vəfat etmiş macar hərbi əsirlərin məzarlarının fotoşəkilləri də təqdim olunmuşdur.
Yozef Hollo dəyərli sənədlərə görə təşəkkür edərək demişdir ki, Azərbaycan səfirliyi Rusiya səfirliyindən sonra onların fəal əməkdaşlıq etdikləri ikinci diplomatik nümayəndəlikdir. O, ümidvar olduğunu bildirmişdir ki, Azərbaycandakı macar əsgərlərinin məzarları abadlaşdırılacaqdır. Eyni zamanda vəd etmişdir ki, İkinci Dünya müharibəsi illərində Macarıstan ərazisində həlak olmuş azərbaycanlı hərbçilərin xatirəsinin əbədiləşdirilməsinə diqqətlə yanaşılacaqdır.
Görüşdə İkinci Dünya müharibəsindən sonra Azərbaycanda əsirlikdə olan, keçmiş macar əsgəri də iştirak etmişdir. O, həmin illər barədə xatirələrini danışmış, Azərbaycan xalqının humanistliyindən və qonaqpərvərliyindən söhbət açmış, bütün bunlar barəsində öz kitabında yazacağını bildirmişdir.
Görüşdə Rusiya və Türkiyənin səfirləri, Macarıstan XİN-in əməkdaşları, ABŞ, Türkiyə, Rusiya, Çin, İtaliya və digər diplomatik nümayəndəliklərin hərbi attaşeləri, Azərbaycan diasporunun üzvləri və Budapeştdə təhsil alan tələbələrimiz iştirak etmişlər.