AZƏRBAYCANDAKI TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ DÖVLƏT TƏRƏFİNDƏN MÜHAFİZƏ OLUNUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyində ölkə ərazisində dövlət mühafizəsinə götürülməsi təklif olunan abidələrin yeni siyahısı hazırlanmış və müvafiq təşkilat və qurumlara göndərilmişdir.
Siyahının ilkin variantında dünya əhəmiyyətli abidələr siyahısına YUNESKO-nun Dünya İrs Siyahısına qəbul edilmiş abidələrimiz (İçərişəhər, Şirvanşahlar sarayı kompleksi, Qız qalası, Qobustan qoruğu) daxil edilmişdir. Təbii fəlakət və digər səbəblərdən itirilmiş abidələr siyahıdan çıxarılmış və ölkəmizin müxtəlif bölgələrində yeni aşkar edilmiş abidələr sənədə əlavə olunmuşdur.
Yeni aşkarlanan abidələrə Ağstafa rayonunun ərazisində yerləşən, ölkə başçısının Sərəncamı ilə qoruq elan edilmiş Keşikçidağ mağaralar kompleksini, Göygöl, Gədəbəy, Şəmkir, Qəbələ, Balakən, Lənkəran və digər rayonların ərazilərindəki dini, hidrotexniki, müdafiə tikililərini və yaşayış binalarını göstərmək olar.
Ümumuyyətlə, nazirlikdə hazırlanan siyahının ilkin variantında 7 minə yaxın abidənin dövlət mühafizəsinə götürülməsi təklif olunur.
Hazırlanmış siyahıya tövsiyə, təklif və iradların bildirilməsi üçün müxtəlif qurum, təşkilat, müstəqil alim və tədqiqatçılar ilə müzakirələrin keçirilməsi də nəzərdə tutulmuşdur.