AZƏRBAYCANDAKI TOLERANTLIQ MODELİ BÜTÜN DÜNYADA TƏTBİQ OLUNA BİLƏR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan ABŞ Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri ravvin Abraham Kuper iyulun 23-də Milli Məclisin insan hüquqları daimi komissiyasının üzvləri ilə görüşmüşdür.
Komissiyanın sədri Rəbiyyət Aslanova demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdkdən sonra insan hüquqları, demokratiya sahəsində bir sıra nailiyyətlər qazanmışdır. Bu gün ölkəmizdə demokratik cəmiyyət quruculuğunun sürətli inkişafına, insan hüquqlarının qorunmasına, dini etiqad azadlığına xüsusi önəm verilir. Müxtəlif xalqların nümayəndələri Azərbaycanda dinc yanaşı yaşayır və öz dini ayinlərini sərbəst icra edirlər. Qeyd edilmişdir ki, sivil ölkə olan Azərbaycanda hazırda 450 dini icma, məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar fəaliyyət göstərir. Bakıdakı erməni qriqoryan kilsəsi qorunub saxlanılır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu dini icmalara təsirindən danışan komissiya sədri bildirmişdir ki, qonşu dövlətin ərazisindəki bütün müsəlman məscidləri dağıdılmışdır. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində də yüzlərlə məscid və bir neçə kilsə, tarixi mədəniyyət abidələri məhv edilmişdir. Azərbaycan vətəndaşı olan yəhudilər, ruslar və digər millətlərin nümayəndələri erməni işğalına qarşı mübarizədə şəhid olmuşlar. Bu isə Azərbaycanda yaşayan millətlərin nümayəndələrinin bu dövlətə, xalqa olan inamının, sevgisinin ən bariz nümunəsidir.
Ravvin Abraham Kuper Los-Anceles Tolerantlıq Mərkəzi barədə ətraflı məlumat vermiş və demişdir ki, səfərinin məqsədi Azərbaycanda gedən proseslərlə yaxından tanış olmaqdır. Abraham Kuper xalqımızın tolerantlığını çox yüksək qiymətləndirmiş və bu baxımdan Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. O demişdir ki, Azərbaycandakı mövcud model bütün dünyada tətbiq oluna bilər. Qonaq məscidləri dağıdan erməni vandalizmini qətiyyətlə pisləmişdir.
Sonra Milli Məclisin insan hüquqları daimi komissiyası sədrinin müavini, milliyyətcə yəhudi olan Yevda Abramov Azərbaycandakı demokratik inkişaf, dini icmaların azad fəaliyyəti, eləcə də Ermənistanın zaman-zaman azərbaycanlılara və yəhudilərə qarşı həyata keçirdikləri soyqırımı siyasəti barədə ətraflı məlumat vermişdir. Ötən əsrin əvvəllərində Azərbaycanın bir sıra bölgələrində erməni daşnaklarının azərbaycanlılarla yanaşı yəhudiləri də kütləvi şəkildə qətlə yetirdiklərini qonağın diqqətinə çatdırılmış, Quba rayonundakı kütləvi məzarlıqla bağlı ətraflı məlumat verilmişdir.