AZƏRBAYCANIN AVROPA İTTİFAQI QARŞISINDA ƏTRAF MÜHİTLƏ BAĞLI GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏR İCRA OLUNUR
İyulun 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühit üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iclası giriş sözü ilə nazir müavini Firdovsi Əliyev açaraq, 2007-2012-ci illəri əhatə edən “Avropa İttifaqı-Azərbaycan Respublikası Fəaliyyət Planı” çərçivəsində Avropaya inteqrasiya üzrə ölkəmizdə görülmüş işlər, əlaqələrin inkişaf tarixçəsi barədə görüş iştirakçılarına qısa məlumat vermişdir.
İclasın nəticəsi olaraq işçi qrupuna ətraf mühit üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, fəaliyyət planına daxil edilmiş tədbirlərin aidiyyəti üzrə digər dövlət qurumları ilə birgə həyata keçirilməsi üçün qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və bu istiqamətdə konkret iş planının hazırlanması üzrə tapşırıqlar verilmişdir.
Son illər Azərbaycan Respublikası ilə Аvropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük diqqət yetirilir. Bu baxımdan Avropa Qonşuluq Siyasəti çərçivəsində 2007-2012-ci illəri əhatə edən "Avropa İttifaqı-Azərbaycan Respublikası Fəaliyyət Planı"nı qeyd etmək olar. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün milli tədbirlər planı işlənib hazırlanmış və bu tədbirlər planında ətraf mühit məsələləri də geniş əks olunmuşdur.
Avropa Komissiyasının irəli sürdüyü təklifə əsasən ətraf mühitlə bağlı məsələlər bu ildən etibarən Azərbaycan - Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin enerji və nəqliyyat üzrə Alt Komitəsinin əsas məsələləri sırasına daxil edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitlə bağlı fəaliyyət planı çərçivəsində görülmüş işlər barədə mütəmadi olaraq arayışlar hazırlanır və müvafiq qurumlara təqdim olunur.
Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası tərəfindən bu ilin iyun ayında keçirilmiş iclasda nəqliyyat, enerji və ətraf mühit üzrə milli tədbirlər planına daxil edilmiş məsələlərin əhatəli olduğu nəzərə alınaraq bu sahələr üzrə ayrı-ayrılıqda işçi qrupların yaradılması təklif edilmişdir.