RƏSMİ XRONİKA
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV PAKİSTAN SƏFİRİNİ QƏBUL ETMİŞDİR
İlham Əliyevi Baş nazir təyin olunması münasibətilə təbrik edən səfir ona fəaliyyətində uğurlar arzuladı. O əmin olduğunu bildirdi ki, Azərbaycan hökumətinin başçısı Pakistan-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəkdir. Faiz Məhəmməd Xoso onun salamını Azərbaycan Prezidenti Heydər Əliyevə yetirməyi xahiş etdi və dövlətimizin başçısının müalicəsini tezliklə başa çatdırıb Vətənə dönməsini arzuladı.
Baş nazir İlham Əliyev yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrikə və Azərbaycan Prezidentinin ünvanına xoş sözlərə görə səfirə təşəkkür etdi. O vurğuladı ki, Azərbaycanla Pakistan arasında yaranmış dostluq münasibətləri xalqlarımızın çoxdan təşəkkül tapmış əlaqələrinin davamıdır. Prezident Heydər Əliyevin və Pakistan rəhbərlərinin görüşləri münasibətlərimizin inkişafında həlledici rol oynamışdır. İlham Əliyev dedi ki, ölkələrimiz iqtisadi münasibətlərin inkişafı üçün böyük potensiala malikdirlər. Pakistan kimi böyük bir ölkə ilə əməkdaşlığın bizim üçün xüsusi əhəmiyyəti var.
Azərbaycan hökumətinin başçısı ölkəmizin haqq işinin Pakistan xalqı və rəhbərliyi tərəfindən dəstəklənməsini məmnunluqla xatırlatdı.
İlham Əliyev səfirin ölkəmizdə diplomatik missiyasını yerinə yetirdiyi dövrdəki fəaliyyətinə yüksək qiymət verdi və ona yeni işində uğurlar arzuladı.
Səfir bildirdi ki, Azərbaycanda işlədiyi dövrdə ölkənin iqtisadi dirçəlişinin və tərəqqisinin şahidi olmuşdur. O nəzərə çarpdırdı ki, Pakistan Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə nizama salınması məsələsində ölkəmizi bundan sonra da dəstəkləyəcəkdir.
Qəbulda qarşılıqlı surətdə faydalı münasibətlərin inkişafına dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.